Cəlilabadda arxeoloji qazıntı zamanı qədim dövrlərə aid qurğular tapıldı - FOTO
Cəlilabadda, Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar olunub.
Redaktor.az-ın xəbərinə görə diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirilməsi məqsədilə istifadə edildiyi ehtimal olunur.
"Muğan Tunc-İlk Dəmir dövrü arxeoloji ekspedisiyası"nın rəhbəri, dosent Anar Ağalarzadənin sözlərinə görə, uzunmüddətli oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi əmələ gəlib.
Tapıntıların Son Tunc-İlk Dəmir dövründə istifadə edildiyi ehtimal olunur.
Qazıntı işləri davam etdirilir. Araşdırmalar zamanı yaşayış məskəninin tarixi və burada yaşayan insanların məişəti ilə bağlı daha geniş məlumat verə biləcək yeni nümunələrin aşkar olunacağı gözlənilir (APA).














