Ramiz Mehdiyevin məhkəməsi keçirildi - YENİLƏNİB

 12:03 21.09.2026     318

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Redaktor.az xəbər verir ki, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquq və vəzifələri izah edilib.

Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və digər prosessual təminatlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.

Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilib.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib (APA).

***

Bir vaxtlar dövlət idarəçiliyinin ən mühüm simalarından olan Ramiz Mehdiyev 88 yaşında mühakimə ediləcək.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bir azdan onun ilk məhkəmə iclası başlayacaq.

Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilir. Təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 20 ilədək həbs cəzası gözləyir (Qanun 65 yaşdan yuxarı şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə imkan vermir – red.)

Bu gün bir həqiqəti təkrar xatırladır: Azərbaycanda hamı qanun qarşısında bərabərdir. Heç kim üçün xüsusi status və ya imtiyaz yoxdur. Bunun ən bariz nümunələrindən biri də elə özünü “Boz kardinal” kimi tanıdan Ramiz Mehdiyevin hazırkı aqibətidir.

Geridə qalan birillik istintaq dövründə ev dustağı olan “Boz kardinal”ın özü ilə yanaşı, oğlu, qızı, kürəkəni və gəlini də Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilib. Nə Mehdiyev, nə də ailə üzvləri indiyədək baş verənlərlə bağlı açıqlama veriblər.

Mehdiyevin məhkəmə iclasında iştirak edib-etməyəcəyi də hələlik məlum deyil. Tam dəqiqləşdirilməmiş məlumata görə, Mehdiyev prosesə evindən videokonfrans vasitəsilə qoşulmaq istəyir.

Ölkə gündəmində olan bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. Məhkəmə iclasının saat 10:30-da başlaması gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən