Deputatın şirkəti Tarif Şurasının qərarına məhəl qoymadı - dərmanı baha satdı
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun əsasında tibbi şirkət olan "Azəri Med" MMC barəsində inzibati xəta protokolu tərtib edib.
Bu barədə Redaktor.az-a Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, adıçəkilən şirkət dərman preparatını Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi pərakəndə satış qiymətinin yuxarı həddini aşaraq satıb.
Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə uyğun olaraq (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) pozuntu müəyyən edilib.
Xatırladaq ki, "Azəri Med" MMC-nin rəhbəri deputat Kəmaləddin Qafarovdur.













