Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: yeni və müasir sənaye istiqamətinin formalaşması
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar ölkəmizin dayanıqlı inkişaf modelini yeni mərhələyə yüksəldir. Dövlət başçısının sədrliyi ilə keçirilən və “2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunan müşavirə bu sahənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dağ-mədən və metallurgiya sənayesi böyük maliyyə və investisiya tələb etsə də, yüksək əlavə dəyər yaratmaq potensialına malikdir. Təbii resursların hasilatı ilə yanaşı, onların emal edilərək yüksək dəyərli məhsullara çevrilməsi iqtisadi səmərəliliyin artırılmasına və istehsal zəncirinin formalaşmasına imkan verir. Dövlət Proqramı çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması isə sahənin məşğulluğa və regionların sosial-iqtisadi inkişafına töhfəsini göstərir.
Ölkədə son illərdə həyata keçirilən infrastruktur layihələri və dövlət proqramları qeyri-neft sektorunun inkişafı üçün mühüm baza formalaşdırıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, avtomobil və dəmir yolları, hava limanları, məktəb və xəstəxanalar kimi infrastruktur layihələri qeyri-neft sektorunun inkişafını şərtləndirən əsas amillərdəndir. Cari ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faiz artımın qeydə alınması da bu istiqamətdə müsbət dinamikanı göstərir.
İşğaldan azad edilmiş ərazilər dağ-mədən sənayesinin inkişafı baxımından xüsusi potensiala malikdir. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında qızıl, mis və molibden yataqlarının istismara hazırlanması, mövcud yataqların müasir geoloji üsullarla yenidən araşdırılması mineral-xammal bazasının genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Müasir texnologiyaların tətbiqi yeni yataqların müəyyənləşdirilməsinə və ehtiyatların daha dəqiq qiymətləndirilməsinə şərait yaradacaq.
Qərb Sənaye Parkının yaradılması da bu strategiyanın mühüm istiqamətlərindən biridir. Burada əsas məqsəd kəşfiyyat, hasilat, zənginləşdirmə, emal, metallurgiya və son məhsul istehsalını əhatə edən vahid sənaye zəncirinin formalaşdırılmasıdır. Bu yanaşma qeyri-neft sektorunun şaxələndirilməsinə, sənaye istehsalının və ixrac imkanlarının artırılmasına xidmət edə bilər.
Prezident İlham Əliyevin 23 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən Dövlət Proqramında 2030-cu ilədək dayanıqlı və rəqabətqabiliyyətli istehsalın inkişaf etdirilməsi, mineral-xammal bazasının genişləndirilməsi, geoloji kəşfiyyatın gücləndirilməsi, mövcud yataqların səmərəli istismarı və filizdən son məhsuladək inteqrasiya olunmuş istehsal-emal zəncirinin yaradılması əsas hədəflər kimi müəyyənləşdirilib. Eyni zamanda, yüksək əlavə dəyər yaradan metallurgiya məhsullarının istehsalının və ixrac potensialının artırılması nəzərdə tutulur.
Beləliklə, yeni Dövlət Proqramı dağ-mədən və metallurgiya sənayesinin inkişafı, mineral ehtiyatlardan daha səmərəli istifadə və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından mühüm strateji istiqamət formalaşdırır.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini













