"Rəsmi İrəvanın işğalçı siyasəti və saxtakarlığı müharibəni qaçılmaz etdi"

 15:46 24.09.2026     179

XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti uzunmüddətli münaqişəyə səbəb oldu. Azərbaycan ərazilərinin işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması və minlərlə insanın qətlə yetirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi.

Ermənistan hərbi işğalla yanaşı, tarixi saxtalaşdırmaqla öz əməllərinə haqq qazandırmağa çalışdı. Azərbaycan xalqına məxsus mədəniyyət abidələri dağıdıldı, məscidlərə qarşı vandalizm törədildi, toponimlər dəyişdirildi və tarixi faktların təhrifinə yönəlmiş iddialar irəli sürüldü. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə işğal olunmuş Azərbaycan ərazilərindən qoşunların çıxarılması tələb olunsa da, bu tələblər uzun müddət yerinə yetirilmədi.

Bütün çətinliklərə baxmayaraq, 1990-cı illərin ortalarından etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi və iqtisadi sabitlik yoluna qədəm qoydu. Onun müəyyən etdiyi inkişaf strategiyası və xarici siyasət kursu sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən davam etdirildi. 2003-cü ildən etibarən ölkə hərtərəfli inkişaf mərhələsinə qədəm qoydu və işğal probleminin həlli dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qaldı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini işğaldan azad etdi və müharibə Azərbaycanın hərbi-siyasi qələbəsi ilə başa çatdı.

Müharibədən sonra separatçı rejimin Qarabağda fəaliyyətini davam etdirməsi ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə ciddi təhdid yaradan, yolverilməz bir vəziyyət olaraq qalırdı. Bu səbəbdən Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-da lokal antiterror tədbirlərinə başladı. Peşəkarlıqla həyata keçirilən və 24 saata yaxın davam edən əməliyyat nəticəsində separatçı rejim təslim oldu və Azərbaycan bütün ərazisində suverenliyini tam təmin edildi.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, şəhər və kəndlərin bərpası, insanların öz doğma yurdlarına qayıtması – Böyük Qayıdış prosesi dövlətimizin qarşısında duran əsas vəzifədir.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması və digər layihələr dövlətimizin gücünü və ölkəmizin davamlı inkişafını nümayiş etdirir.

Nəticə etibarilə Azərbaycan işğal problemini aradan qaldıraraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu tarixi qələbə bir daha göstərdi ki, işğal və saxtakarlıq üzərində qurulan siyasət uzunmüddətli ola bilməz və gec-tez ədalət öz sözünü deyir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən