“İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusunda konfrans keçirildi - FOTO

 16:51 24.09.2026     79

24 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi zəfərin qalibi və sülhün müəllifidir” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Redaktor.az xəbər verir ki, konfransda millət vəkilləri, ictimai-siyasi xadimlər, şəhid ailələri və veteranlar, müxtəlif dövlət qurumlarının nümayəndələri, ADPU və Odlar Yurdu Universitetinin tələbələri, şagirdlər və s. iştirak edib.

Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Vətən müharibəsi və lokal antiterror tədbirindən bəhs edən qısa videoçarx nümayiş edilib.

Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert  polkovnik Cəlil Xəlilov 27 sentyabr tarixinin önəminə toxunub:

“27 sentyabr 2020-ci il Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi xalqımızın milli iradəsini, dövlət-xalq birliyini və Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi.  

Bu tarixi Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, dövlətimizin siyasi iradəsi və uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti xüsusi əhəmiyyət daşıdı. Vətən müharibəsi dövründə Azərbaycanın haqq mövqeyinin beynəlxalq müstəvidə müdafiə olunması və dövlətimizin milli maraqlarının qətiyyətlə qorunması da Zəfər tariximizin mühüm səhifələrindəndir.

Lakin bu Zəfər yalnız hərbi nəticə ilə məhdudlaşmır. Onun arxasında Azərbaycan xalqının həmrəyliyi, əsgər və zabitlərimizin fədakarlığı, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlığı və veteranlarımızın Vətən qarşısında xidmətlərindən gələn zəngin mənəvi irs dayanır.

Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə, müharibə iştirakçılarına və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

Veteranlarımızın da Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasında xüsusi rolu vardır. Onlar öz həyat yolu və xidmətləri ilə Vətənə sədaqət, dövlətə bağlılıq və vətəndaş məsuliyyətinin canlı nümunəsidirlər”.

Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Azərbaycanı zəfərə aparan tarixi yola nəzər salıb. Millət vəkili qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı bir dövlət kimi yox olmaqdan xilas edib:

“Ümummilli Liderin hakimiyyətə gəlməsi, onun çətin, mürəkkəb dövrdə atdığı addımlar Azərbaycanın bir dövlət kimi yox olmaq təhlükəsinin qarşısını aldı, müstəqilliyimizi əbədi etdi. Məhz Ulu Öndərin fədakarlığı, yürütdüyü uzaqgörən siaysət nəticəsində Azərbaycanı müstəqil bir dövlət kimi bütün dünya tanımış oldu. Ulu Öndər dövlətimizin müstəqilliyini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın inkişafını təmin etdi, Azərbaycanda peşəkar ordunun formalaşmsına nail oldu. Nəticədə, Prezident İlham Əliyev 2020-ci ildə ata vəsiyyətinə, xalqımızın və dövlətimizn maraqlarına dərin sadiqlik nümayiş etdirərək 44 günlük Vətən müharibəsində erməni ordusunu darmadağın edərək işğadakı torpaqlarımızın azadlığına nail oldu”.

Konfransda çıxış edən millət vəkili, hüquq elmləri doktoru və professor Samir Vəliyev də, 8 Noyabr zəfərinin tarixi əhəmiyyətinə diqqət çəkib, zəfərə gedən yolun çətinliklərindən danışıb:

“Zəfərə gedən yolumuz heç də hamar olmayıb. Bu qalibiyyəti bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ailələri, övladları, valideynləri bizim üçün müqəddəsdir. Biz qazilərimizə də öz dərin ehtiramımızı bildiririk. Onlar Azərbaycanın bugünkü qalibiyyətinin təmsilçiləridir.

Azərbaycanın qalibiyyətini səciyyələndirən bir sıra amillər oldu ki, onlardan ilki Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, bunun nəticəsində siyasi sabitliyin yaranması oldu. Siyasi sabitlik iqtisadiyyatın inkişafına, bu isə öz növbəsində Silahlı Qüvvələrimizin güclənməsi üçün etibarlı zəminin formalaşmasına səbəb oldu. Nəticədə, Azərbaycan xalqı 2020-ci ildə cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək onları işğaldakı torpaqlardan qovdu, respublikamızın ərazi bütövlüyü təmin olundu”.

Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professor  Sudeyf İmamverdiyev işğal dönəmində Azərbaycan xalqının düçar olduğunu məhrumiyyətlərə toxunub. Professor qeyd edib ki, məhz xalqın təkidi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etdi, eləcə də 8 Noyabr zəfərinin təmini üçün ciddi zəmin formalaşdırdı.

Ağsaqqallar Şurasının sədr müavini - Azərbaycan Respublikası Auditorlar Palatasının sədri profesor Vahid Novruzov 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda başa çatan 44 günlük Vətən müharibəsinin regional sülhün təmin edilməsinin önəmini vurğulayıb. Professor qeyd edib ki, məhz 2020-ci ilin 10 noyabrında Ermənistanın kapitulyasiyaya vadar edilməsi Cənubi Qafqazda etibarlı sülhün bərqərar olmasını təmin etdi.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli Azərbaycan xalqının tarixi qəhrəmanlıq yoluna nəzər salaraq, 8 Noyabr zəfərini hərb tariximizin ən böyük, həlledici qələbələrindən biri kimi dəyərləndirib.

Türk Dünyası Qadın Şairlər Birliyinin sədri Xuraman Muradova da Prezident İlham Əliyevin ldierliyi altında xalqımızın imza atdığı 8 Noyabr zəfərinin önəminə toxunub, bu zəfərin regiona sülh və ədalət gətirdiyini vurğulayıb, xalqı bundan sonra Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyə səsləyib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən