"Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir"

 09:23 25.09.2026     169

27 sentyabr Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunub. Altı il öncə Ermənistanın 30 illik işğalçı siyasətinə son qoyulması üçün Vətən müharibəsi başlayıb. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq şanlı ordumuz tərəfindən başlanan əks-hücum əməliyyatı və 44 günlük döyüşlər tariximizə Vətən müharibəsi kimi yazıldı.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən, bütün tribunalardan Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bəyan edirdi, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq deyirdi və belə də oldu.

27 sentyabr Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı uğrunda canını fəda edən qəhrəman əsgər və zabitlərimizin əziz xatirəsinin anıldığı müqəddəs bir gün olmaqla yanaşı, həm də qürur və şərəf günümüzdür.

Vətənpərvərlik ruhu güclü olan yerdə inam itmir. Gec də olsa, həqiqət ortaya çıxır, ədalət yerini tapır. Elə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatları da bunu sübut etdi. 

Biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun sayəsində yaşayırıq. Məhz onların qanı-canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq.

Prezident İlham Əliyev 27 sentyabr tarixini Azərbaycanda Anım Günü elan edib. Bu, şəhidlərimizə olan böyük ehtiramın nümunəsidir. 44 günlük Vətən müharibəsi ilə dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi nəticəsində erməni işğalına son qoyuldu.

Bu gün Azərbaycan dünyada güclü, Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır. Ərazi bütövlüyünü tam təmin edən dövlətimizin hazırkı şəraitdə beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənir.

Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Qarabağ tarixi Azərbaycan torpağıdır və bu torpağın sahibi yenidən o yurdalara qayıdır. Azərbaycan tarixində yeni mərhələ, yeni səhifə açılır. Bu mərhələdə müstəqil ölkəmiz daha inamla, daha əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcək. Şübhəsiz ki, qüdrətli Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə qarşıdakı hədəflərə də nail olacaq.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işlərinin aparılması Böyük Qayıdış prosesinin qısa müddət ərzində reallaşmasına hesablanıb. İnsanlar öz doğma yurdlarına qayıtmağı, yaşayıb yaratmağı arzulayırlar və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bu arzuları reallığa çevirməkdədir.

Bütövlükdə, qazandığımız Qələbənin, zəfərlərin əsasında xalq-iqtidar birliyi, İlham Əliyev fenomeni, diplomatik uğurlarımız, siyasi və iqtisadi gücümüz dayanır. Bu müddət ərzində Azərbaycan xalqı, cəmiyyəti Ali Baş Komandan İlham Əliyevlə və şanlı ordumuzla sıx birlik nümayiş etdirdi.

Vətən uğrunda canından keçən qəhrəmanların həyat yolu gənc nəsil üçün mühüm örnəkdir. Onların xatirəsini yaşatmaq, qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq və Vətənə layiqli vətəndaş olmaq hər birimizin mənəvi məsuliyyətidir.

Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Vumart və Güvən reklamı Vumart Güvən