Azərbaycanlılar Aktaudakı xilasedicilərə isti yemək və su payladı - VİDEO
Qazaxıstanın Aktau şəhərində yaşayan Azərbaycan diasporunun nümayəndələri Xəzər dənizində axtarış-xilasetmə əməliyyatı aparan hərbçi və xilasedicilərə yardım göstəriblər.
Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə onların əraziyə isti yemək, su və müxtəlif içkilər gətirdiklərini əks etdirən görüntülər yayılıb.
Yardım diaspor nümayəndələri, restoran sahibləri və digər şəxslərin şəxsi vəsaiti hesabına təşkil edilib.
Qazaxıstandakı Azərbaycan icmasının nümayəndəsi Elmir Şahsuvarov azərbaycanlıların axtarış-xilasetmə işləri başa çatanadək ərazidə qalmağa və lazımi dəstəyi göstərməyə hazır olduqlarını bildirib.
Azərbaycan icmasının bu çətin və həssas məqamda nümayiş etdirdiyi həmrəylik yerli ictimaiyyət arasında böyük rəğbətlə qarşılanıb, iki xalq arasında tarixən formalaşmış dostluq, qarşılıqlı hörmət və qardaşlıq münasibətlərinin daha bir nümunəsi kimi qiymətləndirilib.
Xatırladaq ki, sentyabrın 24-də Qazaxıstanın Xəzər dənizində keçirdiyi təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən dalğa 19 hərbçini dənizə aparıb. Hadisə nəticəsində 12 hərbi qulluqçu həlak olub. Xəzər dənizində hərbi qulluqçuların həlak olması ilə əlaqədar 25 sentyabr tarixi Qazaxıstanda milli matəm günü elan edilib. Faktla bağlı Qazaxıstan Silahlı Qüvvələrinin 5 məsul şəxsi saxlanılıb.













