“Azərbaycanın geoiqtisadi əhəmiyyəti yüksəlir” - Afət Həsənova
"Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi inkişaf prioritetlərini, ölkəmizin investisiya imkanlarını və qlobal iqtisadi sistemdə artan rolunu aydın şəkildə ortaya qoyur".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri odur ki, Azərbaycan artıq yalnız ənənəvi enerji resurslarına əsaslanan iqtisadi modeldən deyil, şaxələndirilmiş və müasir çağırışlara uyğun iqtisadi sistemdən çıxış edir:
“Son illərdə Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi sabitlik, yaradılmış müasir infrastruktur, güclü maliyyə sistemi və həyata keçirilən ardıcıl islahatlar ölkəmizi xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son 20 ildə Azərbaycana 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb edilməsi bunun ən mühüm göstəricilərindən biridir. Bu investisiyaların yarısının birbaşa xarici investisiyaların payına düşməsi beynəlxalq biznes dairələrinin Azərbaycana olan etimadını nümayiş etdirir.
Bu gün qarşımızda duran əsas məsələlərdən biri əldə edilmiş iqtisadi potensialdan istifadə etməklə qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmaqdır. Bərpaolunan enerji, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat, süni intellekt, mədənçilik, kənd təsərrüfatı və digər istiqamətlər Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm dayaqlarına çevrilə bilər. Xüsusilə Azərbaycanın yaşıl enerji sahəsində malik olduğu böyük potensial həm ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsi, həm də Avropanın enerji təminatında rolumuzun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Deputat vurğulayıb ki, digər mühüm istiqamət Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin güclənməsidir:
“Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Dəmir yollarına, avtomobil yollarına, dəniz limanlarına və digər nəqliyyat infrastrukturuna illər ərzində yatırılmış böyük investisiyalar bu gün öz nəticəsini verir. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin sürətlə artması göstərir ki, ölkəmizin geoiqtisadi əhəmiyyəti də yüksəlir.
Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə daxil olması ölkəmizin tranzit və iqtisadi imkanlarını daha da genişləndirir. Azərbaycan faktiki olaraq Avropa ilə Mərkəzi Asiya arasında mühüm iqtisadi, enerji və nəqliyyat körpüsünə çevrilir. Bu isə yeni investisiyaların cəlb olunması üçün əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin çıxışında insan kapitalına, müasir texnologiyalara və peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Müasir dünyada iqtisadi rəqabət artıq yalnız təbii sərvətlərlə müəyyən edilmir. Bilik, texnologiya, rəqəmsallaşma və yüksək ixtisaslı insan kapitalı ölkələrin gələcək inkişafını müəyyən edən əsas amillərdəndir. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasət uzunmüddətli və dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Bütün bunlar göstərir ki, Azərbaycan yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas xüsusiyyəti enerji gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və ölkənin regional iqtisadi mərkəzlərdən birinə çevrilməsidir”.
A.Həsənova əlavə edib ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi də ölkəmizə göstərilən beynəlxalq marağın ifadəsidir:
“Xarici investorların Azərbaycana gələrək ölkənin imkanlarını birbaşa görməsi, biznes mühiti ilə tanış olması və yeni əməkdaşlıq istiqamətlərini müzakirə etməsi gələcək investisiyalar üçün mühüm zəmin yaradır.
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və düşünülmüş iqtisadi siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin etməklə yanaşı, ölkəmizin beynəlxalq iqtisadi sistemdə mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Qarşıdakı illərdə yeni investisiyaların, müasir texnologiyaların və beynəlxalq tərəfdaşlıqların genişlənməsi Azərbaycanın iqtisadi gücünü daha da artıracaq”.













