"Azərbaycan cəlbedici investisiya məkanına çevrilib"

 15:55 28.09.2026     156

Sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsinə dair mühüm mesajlarla yadda qaldı. Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək ölkənin iqtisadi sabitliyi, investisiya imkanları, enerji potensialı, nəqliyyat-logistika infrastrukturu və qarşıdakı dövr üçün əsas prioritetləri geniş şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Ölkə başçısı İlham Əliyevin vurğuladığı kimi, son 20 ildə Azərbaycana 350 milyard dollardan çox investisiyanın cəlb edilməsi ölkənin beynəlxalq investorlar üçün formalaşdırdığı etibarlı tərəfdaşlıq mühitinin göstəricisidir. Bu vəsaitin təxminən yarısının birbaşa xarici investisiyaların payına düşməsi Azərbaycanın iqtisadi və maliyyə imkanlarına beynəlxalq marağın miqyasını nümayiş etdirir.

Dövlət başçısı çıxışında bildirib ki, indi qarşıda duran əsas vəzifə formalaşmış investisiya etimadını iqtisadiyyatın yeni sahələrinə yönəltməkdir. Xüsusilə qeyri-neft sektorunun inkişafı, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı və digər perspektivli istiqamətlər diqqət mərkəzindədir. Azərbaycanın Xəzər dənizinin öz sektorunda 157 giqavatlıq külək enerjisi potensialına malik olması ölkənin “yaşıl enerji” sahəsində imkanlarının genişliyini göstərir. Qarşıdakı beş il ərzində bərpaolunan enerji mənbələrinin ölkə üzrə daha geniş tətbiqi nəzərdə tutulur.

Enerji ilə yanaşı, nəqliyyat və logistika da Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm istiqamətlərdən biridir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan son illərdə bu üstünlüyü real iqtisadi imkanlara çevirmək üçün böyük infrastruktur layihələri həyata keçirib. Dəmir yollarının modernləşdirilməsi, Bakı Limanının inkişafı, avtomobil yollarının və hava limanlarının inşası ölkənin tranzit imkanlarını genişləndirir.

Cənab Prezidentin açıqladığı məlumata görə, bu il Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatması gözlənilir. 2030-cu ilədək isə bu göstəricinin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılması hədəflənir. Bu məqsəd Azərbaycanın təkcə tranzit ölkə deyil, beynəlxalq təchizat zəncirlərinin mühüm həlqələrindən birinə çevrilməsi istiqamətində atılan addımların davamı kimi qiymətləndirilir.

Forumun mühüm nəticələrindən biri də ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənədin imzalanmasıdır. Bu sənədlər süni intellekt, enerji və bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, tikinti, əczaçılıq, maliyyə və su təsərrüfatı kimi müxtəlif sahələri əhatə edir. Bakı Enerji Həftəsi çərçivəsində elan olunan layihələr də nəzərə alındıqda, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dollara çatır.

Bu göstəricilər Azərbaycanın investisiya siyasətində yeni mərhələnin formalaşdığını göstərir. Enerji sektorunda uzun illər ərzində qurulmuş beynəlxalq tərəfdaşlıq modeli artıq iqtisadiyyatın digər sahələrinə də tətbiq edilir. Hüquqi sabitlik, əlverişli investisiya mühiti, müasir infrastruktur, enerji təminatı, insan kapitalı və əlverişli coğrafi mövqe bu prosesin əsas dayaqlarıdır.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bir daha göstərdi ki, Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi strategiyasında əsas hədəflərdən biri mövcud imkanları yeni inkişaf sahələrinə yönəltməkdir. Bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat-logistika və qeyri-neft sektorunun digər istiqamətləri ölkənin gələcək iqtisadi artımında mühüm rol oynaya bilər.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən