Keçmiş baş konsul Qasımovun həbs olunması istənilib

 21:04 30.09.2026     96

Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Sultan Qasımovun həbs olunması ilə bağlı vəsatət qaldırılıb.

Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş diplomatın cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

Hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah olunub.

Sultan Qasımovun vəkili cinayət işinin əlavə istintaqa qaytarılması barədə vəsatət qaldırıb.

Zərərçəkmiş Anton Zayatsın nümayəndəsi isə Qasımovun anket məlumatlarında göstərilən ünvandakı mənzilin artıq satıldığını və dəymiş ziyanın ödənilmədiyini bildirib. O, bu səbəbdən sabiq diplomat barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Məhkəmə hər iki vəsatəti təmin etməyib və cinayət işini məhkəmə baxışına verib. Növbəti məhkəmə iclası oktyabrın 13-nə təyin olunub.

Qeyd edək ki, Sultan Qasımov barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İş üzrə zərərçəkmişlərə 200 min manatdan çox ziyan vurulduğu bildirilir. Anton Zayats və Faiq Mikayılov zərərçəkmiş qismində tanınıblar. İstintaq zamanı ziyanın bir hissəsinin ödənildiyi qeyd olunur.

İttihama əsasən, Qasımov Rusiyada yaşayan Anton Zayatsa hərrac yolu ilə torpaq sahəsi almağı, digər zərərçəkmişə isə qızıl-zinət əşyalarını hava yolu ilə başqa ölkəyə göndərməyi vəd edib.

Sabiq diplomata Cinayət Məcəlləsinin 12.1 və 178.3.2-ci maddələri ilə — ölkə hüdudlarından kənarda törədilmiş və külli miqdarda ziyan vurmaqla dələduzluq əməlinə görə ittiham irəli sürülüb.

Sultan Qasımov 2009-cu ildə Azərbaycanın Yekaterinburqdakı ilk baş konsulu təyin olunub. 2016-cı ilin mayında Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsinə keçirilib. O, 21 oktyabr 2024-cü ildə bu vəzifədən geri çağırılıb.

Vumart və Güvən reklamı Vumart Güvən