Şuşakəndə qayıdan Taryel Cəfərov doğma yurdda yeni həyat qurub - FOTO
Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Xocalı rayonunun Şuşakənd kəndinə dönən Taryel Cəfərovun ailəsi də doğma torpaqda yeni həyatını qurmağa başlayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, Birinci Qarabağ müharibəsi zamanı məcburi köçkün düşən Taryel Cəfərov uzun illər Şəkidə müvəqqəti məskunlaşıb.
Ömrünün böyük hissəsini təhsil sahəsinə həsr edən Taryel Cəfərov uzun illər müəllim, daha sonra isə məktəb direktoru kimi fəaliyyət göstərib. Hazırda təqaüddə olan T.Cəfərov təxminən bir il əvvəl ailəsi ilə birlikdə Şuşakəndə köçüb. Doğma yurda qayıtdıqdan sonra Taryel müəllim burada təsərrüfatını da yaradıb.
O, ev quşları, iri buynuzlu mal-qara saxlayır, arıçılıqla məşğul olur. Vaxtını doğma torpaqda təsərrüfatını inkişaf etdirməyə sərf edir.
T.Cəfərovun ailəsində təhsil ənənəsi də davam edir. Həyat yoldaşı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışır. Qızı isə Xocalı şəhərindəki orta məktəblərdən birində ingilis dili müəllimidir.
Uzun illər məcburi köçkün həyatı yaşayan Taryel Cəfərov üçün doğma yurda qayıdış xüsusi məna daşıyır. O bildirir ki, illər sonra həsrətində olduğu torpaqda yaşamaq, burada öz təsərrüfatını qurmaq və ailəsi ilə birlikdə gələcək üçün planlar qurmaq onun üçün böyük xoşbəxtlikdir.
Bu gün Şuşakənddə ailəsi ilə birlikdə yaşayan Taryel Cəfərov həm də doğma torpağın dirçəlişinə şahidlik edir.

















