Bakı–Tbilisi–Bakı qatarlarına bilet almaq üçün yeni QAYDA
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışında yeni verifikasiya qaydaları tətbiq edir.
Redaktor.az xəbər verir ki, yeni qaydalar sərnişin maraqlarının qorunması və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.
Yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqində şəxsi kabinetlərini “mygov ID” vasitəsilə verifikasiya etməlidirlər. FİN kod daxil edildikdən sonra zəruri məlumatlar avtomatik əks olunacaq. Bilet almaq üçün verifikasiyanın tamamlanması məcburidir.
Xarici ölkə vətəndaşları isə verifikasiya zamanı vətəndaşı olduqları ölkənin adını və telefon nömrəsini daxil etməli, daha sonra OTP kod vasitəsilə təsdiqləmə həyata keçirməlidirlər.
ADY həmçinin “ADY Mobile” tətbiqində verifikasiyadan keçmək istəyən sərnişinlərə saat 00:00-dan sonra tətbiqi yeniləməyi tövsiyə edib.














