Azərbaycan-Pakistan ədəbi əlaqələrinə həsr olunmuş kitabların təqdimatı keçirildi - FOTO
Oktyabrın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Pakistanın Azərbaycandakı Səfirliyi və ADU-nun Pakistan Dili və Mədəniyyəti Mərkəzinin əməkdaşlığı çərçivəsində “Dillər arasında körpü: Azərbaycan və urdu dillərində ədəbi tərcümələrin təqdimatı” mövzusunda ədəbi tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə Pakistanın Təhsil və Peşə Hazırlığı üzrə dövlət naziri Vəcihə Qəmər, Pakistanın Azərbaycandakı səfiri Qasım Möhiüddin, Milli Məclisin deputatları, ADU-nun prorektorları- Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova, Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva, Azərbaycan və Pakistandan olan qonaqlar, diplomatlar, elm və ədəbiyyat xadimləri, universitet nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsərinin urdu dilinə, Pakistanlı yazıçı və motivasiya spikeri Qasım Əli Şahın “Məqsədə doğru” (“Towards the Goal”) əsərinin isə Azərbaycan dilinə tərcüməsi təqdim olunub.
Çıxışlarda Azərbaycan–Pakistan münasibətlərinin qarşılıqlı hörmət, etimad və qardaşlıq prinsiplərinə əsaslandığı, ədəbi və mədəni mübadilələrin iki ölkə xalqlarının bir-birinin ədəbiyyatı, tarixi, dəyərləri və mədəni irsi ilə daha yaxından tanış olmasına mühüm töhfə verdiyi vurğulanıb. Qeyd olunub ki, ədəbi tərcümələr Azərbaycan və Pakistan arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayır və xalqlar arasında yeni dialoq imkanları yaradır.
Pakistanın Təhsil və Peşə Hazırlığı üzrə dövlət naziri Vəcihə Qəmər urdu və Azərbaycan dilləri arasında tərcümələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, iki ölkənin təhsil müəssisələri arasında dil araşdırmaları, ədəbiyyat, elm, müəllim və tələbə mübadiləsi, eləcə də mədəni proqramlar sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Pakistanın Azərbaycandakı səfiri Qasım Möhiüddin ədəbiyyatın xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində xüsusi rolunu qeyd edib və iki ölkə arasında tarixi əlaqələrin əhəmiyyətindən danışıb.
Proqram çərçivəsində Pakistanın mədəniyyəti, irsi, memarlığı və təbiət mənzərələrini əks etdirən fotosərgi nümayiş olunub. Sərginin müəllifi Virciniya Morqan-Həyat Pakistanla bağlı təcrübə və təəssüratlarını bölüşüb. Həmçinin tədbir iştirakçılarına “Salam Pakistan” sənədli filmi nümayiş etdirilib və Pakistan mətbəxinin təamları təqdim olunub.
Tədbirin sonunda kitabların müəllif və qonaqların iştirakı ilə imzalanma mərasimi keçirilib.




























