"Biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək"

 11:55 05.10.2026     203

Azərbaycanın təhlükəsizliyinin, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı təminatında güclü hərbi potensial mühüm amildir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qarşıda duran əsas vəzifələrdən danışarkən hərbi gücün artırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib: “Biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək.” Bu fikir Azərbaycanın təhlükəsizlik siyasətinin əsas prinsiplərindən birini ifadə edir. Burada söhbət yalnız hərbi imkanların artırılmasından deyil, dövlətin istənilən təhlükəyə qarşı daim hazırlıqlı olmasından gedir. Çünki müasir dünyada təhlükəsizlik mühiti sürətlə dəyişir, müxtəlif regionlarda münaqişələr və hərbi qarşıdurmalar davam edir. Belə bir şəraitdə hər bir dövlət öz milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün güclü müdafiə imkanlarına malik olmalıdır.

Azərbaycan son illərdə böyük tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu Zəfərin əldə olunmasında güclü ordunun, müasir silahlanmanın, peşəkar hərbi qulluqçuların və dövlətin uzunmüddətli müdafiə siyasətinin mühüm rolu olub. Buna görə də əldə edilmiş nəticələrin qorunması və ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycanla Ermənistan arasında müharibə yoxdur, sərhədlərdə sakitlik hökm sürür və sülh prosesi davam edir. Lakin sülh və təhlükəsizlik üçün ən mühüm şərtlərdən biri dövlətin özünü müdafiə etmək imkanına malik olmasıdır. Azərbaycanın təcrübəsi göstərir ki, güclü olmaq həm milli maraqları qorumaq, həm də dayanıqlı sülh üçün etibarlı zəmin yaratmaq baxımından vacibdir.

Prezident İlham Əliyevin VIII Qurultayda qeyd etdiyi kimi, dünyada və regionda gedən proseslər daim diqqətlə izlənilməlidir. Müxtəlif ölkələrdə baş verən müharibələr və qarşıdurmalar, beynəlxalq təhlükəsizlik sistemində yaranan yeni çağırışlar dövlətlərin öz müdafiə imkanlarını daim təkmilləşdirməsini zəruri edir. Azərbaycan da bu reallıqları nəzərə alaraq hərbi və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Güclü ordu yalnız hərbi üstünlük məsələsi deyil. Güclü ordu həm də sülhün, sabitliyin və dövlət müstəqilliyinin mühüm təminatıdır. Əsas məqsəd elə müdafiə potensialı formalaşdırmaqdır ki, Azərbaycanın milli təhlükəsizliyinə qarşı hər hansı təxribatın törədilməsi mümkün və ya cəlbedici görünməsin.

Əldə etdiyimiz tarixi Zəfər bizə bir daha göstərdi ki, güclü dövlət, güclü iqtisadiyyat və güclü ordu bir-birini tamamlayan amillərdir. Bu gün əsas vəzifə əldə edilmiş nəticələri qorumaq, Azərbaycanın müdafiə qüdrətini daha da artırmaq və gələcək nəsillər üçün təhlükəsiz və sabit dövlət təmin etməkdir.

Azərbaycan sülhün və təhlükəsizliyin tərəfdarıdır. Lakin sülhün davamlı və etibarlı olması üçün dövlətin özünü qorumaq imkanları yüksək səviyyədə olmalıdır. Bu baxımdan “Biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək” fikri Azərbaycanın təhlükəsizlik siyasətinin mahiyyətini aydın ifadə edir.

Bu gün Azərbaycan həm əldə etdiyi tarixi Zəfəri qorumaq, həm də gələcək çağırışlara hazır olmaq üçün öz hərbi, iqtisadi və siyasi imkanlarını davamlı şəkildə gücləndirir. Qarşıdakı dövrdə də əsas məqsəd milli təhlükəsizliyi etibarlı təmin etmək, dövlətimizin müdafiə qabiliyyətini daha da artırmaq və ölkəmizin inkişafı üçün sabit və təhlükəsiz şərait yaratmaqdır.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Vumart və Güvən reklamı Vumart Güvən