Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır!
2026-cı il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə kimi yadda qaldı. Heydər Əliyev Mərkəzində baş tutan Qurultay təkcə siyasi təşkilatın fəaliyyətinə yekun vurulan və qarşıdakı dövr üçün vəzifələrin müəyyənləşdirildiyi növbəti hesabat tədbiri deyil, həm də Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk Qurultay kimi xüsusi siyasi məzmun qazandı.
Bu mənada, Prezidentin çıxışı yalnız Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət prioritetlərini əhatə etməklə məhdudlaşmır, eyni zamanda Azərbaycanın dövlətçilik xəttinin əsas istiqamətlərini, milli maraqların təmin olunması məsələlərini və dəyişən geosiyasi şəraitdə ölkənin qarşısında dayanan başlıca hədəfləri də əhatəli şəkildə ortaya qoyur.
Cənab İlham Əliyev qələbələrimizin və uğurlarımızın başlanğıcını Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də keçirilmiş təsis konfransı və ondan sonrakı tarixi-siyasi proseslərlə əlaqələndirərək bir daha vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün də dəyişməz olaraq davam etdirilir. Bu siyasi xətt Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, dövlətçilik ənənələrinin qorunmasına və ölkəmizin hərtərəfli inkişafına xidmət edir.
Təbii ki, zaman keçdikcə qarşıya qoyulan müəyyən strateji məqsədlər də yeni reallıqlara uyğun olaraq dəyişə bilər. Lakin dövlət siyasətinin əsas və dəyişməz istiqamətləri öz mahiyyətini qoruyur. Bu ana xətt, ilk növbədə, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması, güclü hərbi potensialın formalaşdırılması, milli maraqların qorunması və ölkənin malik olduğu imkanlardan maksimum səmərə ilə istifadə edilməsidir.
Bu baxımdan, Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol həm Azərbaycanın müasir inkişaf mərhələsinin, həm də ölkəmizin əldə etdiyi mühüm nailiyyətlərin siyasi əsaslarını anlamaq üçün mühüm əhəmiyyət daşıyır. Bu yol Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilməsinin bariz nümunəsidir.
Bu gün Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edən, siyasi və iqtisadi baxımdan müstəqil, güclü ordusu və artan beynəlxalq nüfuzu ilə seçilən dövlətə çevrilib. Əldə olunan bütün uğurların təməlində isə xalq-iqtidar birliyi, düşünülmüş və məqsədyönlü dövlət siyasəti, milli həmrəylik və Azərbaycanın gələcəyinə inam dayanır.
Ona görə də bu tarixi inkişaf yolunun gələcək nəsillərə düzgün çatdırılması mühüm vəzifələrdən biridir. Çünki keçmişi dərindən bilmək bu gün düzgün qiymətləndirməyə, gələcəyə isə daha inamla və məqsədyönlü şəkildə addımlamağa imkan verir.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini













