Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır - RƏSMİ
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır.
Redaktor.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanına uyğun olaraq, şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası davam etdirilir.
Bu mexanizm çərçivəsində 2020-2026-cı illər ərzində Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib. İndiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Məlumata görə, son dövrlərdə satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq istəyən vətəndaşların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Belə ki, “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən hər gün 100-dən artıq müraciət qeydə alınır.
Nəticədə elektron sistemdə qeydiyyata alınmış və görüş vaxtı təyin edilmiş müraciətlərin sayı seçim üçün mövcud olan yaşayış sahələrinin sayını dəfələrlə üstələyir.
Fond qeyd edib ki, artan müraciətlərin daha operativ qəbulu, şəffaf emalı və qiymətləndirilməsi, ərizəçilərə təyin olunan günlərdə mənzil seçimi imkanının yaradılması, həmçinin elektron sistemin funksionallığının artırılması məqsədilə 6 oktyabr 2026-cı il tarixindən satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılacaq.
Müraciətlərin qəbulunun nə vaxt bərpa ediləcəyi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd olunub ki, müraciətlərin müvəqqəti dayandırılması həmin tarixədək elektron sistemdə qeydiyyata alınmış müraciətlərə, onların növbəliliyinə və bu müraciətlər üzrə həyata keçirilən prosedurlara təsir etməyəcək.
Fondun məlumatına əsasən, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanmaq üçün indiyədək müraciət etmiş 12 mindən artıq vətəndaşın şəxsi kabinetinə görüş günü barədə bildirişlər göndərilib.
Həmin şəxslər bildirişdə göstərilən tarixdə 2 saylı ASAN Kommunal və ya Sumqayıt ASAN Xidmət mərkəzlərinə yaxınlaşaraq müraciətlərini rəsmiləşdirə bilərlər.
Fond vətəndaşlara yaranmış müvəqqəti narahatlığı anlayışla qarşılayacaqları üçün təşəkkür edib.













