Milli Məclisdə pensiyalar və pulsuz hüquqi yardımla bağlı MÜZAKİRƏ - FOTO

 16:59 07.10.2026     87

Oktyabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Əvvəlcə komitə sədri “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə çıxarıb. Komitə sədri sənədi Azərbaycanda sosial sığorta prinsiplərinə əsaslanan pensiya təminatı mexanizmlərinin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan növbəti addım kimi dəyərləndirib. Qeyd olunub ki, dəyişikliklərlə bağlı birinci oxunuşda ətraflı məlumat verilib və layihə deputatlar tərəfindən dəstəklənib. Vurğulanıb ki, sənəd pensiya təminatı sistemində sosial ədalətin daha da gücləndirilməsinə xidmət edir.

Musa Quliyev gündəliyin ikinci məsələsi - Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”,  “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırıb ki, sənəd “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin müddəalarından irəli gələrək hazırlanıb. Sözügedən qanun layihəsi əsasən həssas əhali qruplarının hüquqi yardım alma imkanlarını genişləndirməyə və onların konstitusion hüquqlarını daha etibarlı qorumağa yönəldiyindən, həmin şəxslərin hüquqi statusunu müəyyən edən əlaqəli qanunlara da müvafiq dəyişikliklərin edilməsini zəruri edir.

Bildirilib ki, gündəliyin üçüncü məsələsi - Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "İnformasiya əldə etmək haqqında", "Fərdi məlumatlar haqqında" və "Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də hazırda Milli Məclisin müzakirəsində olan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində nəzərdə tutulan mexanizmlərin müvafiq hüquqi aktlarda təsbit olunması məqsədilə hazırlanıb. Vurğulanıb ki, layihə korrupsiya ilə mübarizənin qanunverici əsaslarının gücləndirilməsinə xidmət edir.

Gündəliyin sonuncu məsələsi olan Mülki Prosessual Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş) barədə də komitə sədri məlumat verib. Qeyd olunub ki, təklif olunan qanun layihəsi özəl ekspertiza fəaliyyəti ilə bağlıdır və sənəddə özəl məhkəmə ekspertlərinin vergi, sosial və tibbi sığorta münasibətləri dəqiqləşdirilir, onların peşə fəaliyyətinin təşkilinə dair müddəalar təsbit olunur.

İclasda deputatlar Əziz Ələkbərov, Jalə Əliyeva və Nigar Məmmədova çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.

Komitə sədri Musa Quliyev qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.

Deputatlar gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

İclasda komitə sədrinin müavini Elşad Musayev, komitə üzvləri Ziyad Səmədzadə, Səttar Möhbalıyev, Bədəl Bədəlov, Göydəniz Qəhrəmanov və digər rəsmi şəxslər iştirak ediblər.

 

222
Vumart və Güvən reklamı Vumart Güvən