“Yalan məlumatların gündəliyə çıxarılması məqsədli həyata keçirilən addımlardır” - Deputat
"Prezident İlham Əliyev də qeyd edib ki, bu gün dünyada çox ağır proseslər gedir. Müharibə, qarşıdurmalar, süni intellekt, kiber güclər – bunlar təəssüf ki, bizdə çox hallarda düzgün istifadə edilmədiyinə görə əleyhimizə olan prosesə çevrilib".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkə hesabında bildirib.
O vurğulayıb ki, saxta xəbərlər, yalan məlumatların gündəliyə çıxarılması məqsədli həyata keçirilən addımlardır:
"Bunu gənclər anlayaraq düzgün mövqe nümayiş etdirməlidir. Həmişə deyirəm ki, 2 istiqamətə önəm verməlisiniz. Elm, savad, bilik yeganə sərvətdir ki, onu kimsə sizdən ala bilməz. Sağlamlığınız, pulunuz gedə bilər. Amma savad da yetərli deyil. Savaddan əlavə mənəviyyatı, əxlaqı olmaq çox önəmlidir.
O gün parlamentdə çıxış etdim. Ailə dəyərləri, milli dəyərlər lazımdır. Dünyanın çox nadir xalqlarından olmuşuq ki, qonağa yüksək münasibət göstərirdik. Amma bunlar indi aradan qalxıb. Hər bir azərbaycan evində qonaq üçün ayrıca otağı, döşəyi, qab-qacağı olardı. Evə gələn qonağa ev sahibi ən dəyərli olanı təqdim edərdi".
Aytəkin TOFİQQIZI













