Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti AÇIQLANDI
Cəbrayıl rayonu ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 1966-cı il təvəllüdlü şəxs (kişi) dünən saat 20:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Ona sağ ayağın aşıq-baldır oynağı səviyyəsində travmatik amputasiyası, qamış və incik sümüklərinin topuq çıxıntısından keçən topuğunun amputasiyası diaqnozu təyin olunub.
Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, dünən Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 2 mina partlayışı baş verib.
Öncə Qəhrəmanov Orxan Əşrəf oğlu minaya düşərək xəsarət alıb. Daha sonra həmin əraziyə atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Qəhrəmanov Əşrəf xəsarət alıb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
Minaya düşən Qəhrəmanov Əşrəf Elman oğlu şəhid Ruhin Qəhrəmanovun atası, Qəhrəmanov Orxan Əşrəf oğlu isə qardaşıdır.
Ruhin Qəhrəmanov 2016-cı il aprel ayının 2-də Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.













