Dünya şöhrətli səyyahlar Gəncəsər monastırında - FOTO
Oktyabrın 9-da Dünya şöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Veleyin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupu Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, səfər zamanı qonaqlara monastırın tarixi, memarlıq xüsusiyyətləri və bölgənin zəngin mədəni irsi haqqında ətraflı məlumat verilib.
Beynəlxalq səyyahlara, həmçinin ermənilər tərəfindən monastırın tarixi və mədəni kimliyinin dəyişdirilməsinə, onun mənşəyinin təhrif olunmasına yönəlmiş müdaxilələr barədə məlumat verilib.
Bildirilib ki, abidələrin qorunması, onların ilkin görkəminin və tarixi kimliyinin saxtalaşdırılmadan gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, 13 ölkədən olan beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfərinin məqsədi bölgənin tarixi-mədəni irsi, təbii gözəllikləri və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olmaqdır.
















