“Bakıda qəbul ediləcək qərarlar bizi gözlənilən ekoloji fəlakətdən qurtaracaq” - Sahib Alıyev
"Oktyabrın 9-da Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibli toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyev dənizin səviyyəsinin aşağı düşməsi problemini qabartmaqla yanaşı, bunun ilk növbədə nədən qaynaqlandığını da göstərdi: "Aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillərdir. Bununla yanaşı, baş verən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsi və artıq bu gün qərarlar qəbul edilərkən onların nəzərə alınması bizim üçün vacibdir".
Redaktor.az xəbər verir ki, bunu deputat Sahib Alıyev feysbuk hesabında yazıb.
"Burada qeyd edək ki, çay axınının azalması da, digər antropogen amillər də elə Xəzəryanı dövlətlərin özləri, ilk növbədə isə Rusiya ilə bağlıdır. Bu, bir tərəfdən, əlbəttə, pis, digər tərəfdən isə, qəribə səslənsə də, yaxşıdır. Ona görə yaxşıdır ki, Rusiya özü hamıdan çox bu su hövzəsindən faydalanır və ona görə də qorunub saxlanmasında maraqlı olmalıdır.
Amma Transxəzər qaz və neft kəməri çəkilməsi məsələsi ortaya çıxanda bunun guya ekoloji fəlakətə yol açacağından dəm vuraraq maneçilik törədənlər nədənsə özlərinin dənizin alqoflorasına və faunasına nə qədər zərər vurduqlarını görməzdən gəlirlər.
Cənab İlham Əliyev birinci dəfə deyil ki, Xəzərin səviyyəsinin aşağı düşməsinin əsas səbəblərindən birinin çay axınının azalması və təsərrüfat fəaliyyəti olduğunu vurğulayır. Və ad çəkilməsə də, burada söhbətin ilk növbədə dənizin su balansının haradasa 80 faizini təmin edən Volqa çayından, onun üzərində qurulmuş nəhəng bəndlərdən, su anbarları kaskadlarından və geniş suvarma sistemlərindən getdiyi aydındır. Bu bəndlər və suvarma sistemləri nəinki Xəzərə tökülən suyun həcmini əhəmiyyətli dərəcədə azaldır, eyni zamanda anadrom balıq növlərinin dənizdən çayın yuxarı axarlarına doğru olan təbii miqrasiya və kürüləmə yollarını tamamilə bloklayıb".
Onun sözlərinə görə, ekoloji tarazlığın ciddi şəkildə pozulması nəticəsində dənizdəki digər canlılar da yoxa çıxmaq təhlükəsi ilə üzləşib və son illər sahillərdə minlərlə suiti cəsədlərinin tapılması da bununla bağlıdır:
"Mən detallara vararaq vaxt almaq istəmirəm, ancaq internetdə bu haqda nə qədər istəsəniz material var. Rusiya Prezidenti Xəzərin dayazlaşması nəticəsində ölkəsinin sahil xəttində 20 min kvadrat kilometr ərazinin quruduğunu, “külli miqdarda büdcə vəsaiti xərcləyərək dibdərinləşdirmə işləri” apardıqlarını vurğulasa da, bunu yenə də iqlimlə əlaqələndirməsi anlaşılmazdır.
Yeri gəlmişkən, Xəzər dənizini qidalandıran ikinci ən mühüm çay olan Uralda da vəziyyət eynidir. Rusiyanın Orenburq vilayətində qurduğu nəhəng İriklinski anbarı və digər 12 böyük bənd ona gətirib çıxarıb ki, oradan Xəzərə illik orta su axımı 9,4 kub kilometrdən 4,9 kub kilometrə düşüb, yəni yarıbayarı azalıb. Qazaxların Jayık adlandırdıqları bu çay üzərində Rusiyanın apardığı “eksperimentlərdən” qardaş ölkə olduqca böyük zərər görür. Suyunun yarıbayarı azaldılması azmış kimi, Maqnitoqorsk və Orenburqun böyük metallurgiya və ağır sənaye mərkəzləri də Uralı həddən artıq çirkləndirirlər. Bu isə Qazaxıstanın təxminən 4,2 milyon əhalisinə və iqtisadiyyatına çox ağır zərər yetirir. İçməli su çatışmazlığı yaranır, balıqlar məhv olur, otlaqlar quruyur, səhralaşma baş verir. Uralın Xəzərə töküldüyü delta hissəsində su o qədər azalıb ki, çay yatağı lillənib və gəmilərin hərəkəti mümkünsüzləşib.
Çıxışlardan görünür ki, Qazaxıstanla Türkmənistan da Xəzərin üzləşdiyi ekolji vəziyyətin səbəbləri ilə bağlı Azərbaycanın mövqeyini tam bölüşürlər. Elə bunun nəticəsidir ki, Türkmənbaşıdakı toplantıda beştərəfli Dövlətlərarası Komissiya yaradılması haqda razılıq əldə olundu. Komissiyanın ilk rəsmi iclası isə gələn il Bakıda keçiriləcək. Azərbaycan ən müxtəlif platformalarda bu məsələni qətiyyətlə qaldırdığından və axıradək prinsipiallıq göstərdiyindən belə bir seçim təbiidir".
Millət vəkili ümid edir ki, məhz Bakıda qəbul ediləcək qərarlar bizi gözlənilən ekoloji fəlakətdən qurtaracaq.
"Rusiyanın 2030-cu ibə qədər Xəzərin öyrənilməsi üzrə kompleks proqram hazırlamasına gəldikdə isə, cənab Putinin özünün də bildirdiyi kimi, əgər dənizin səviyyəsi hər il 9 sm aşağı düşürsə, təcili şəkildə konkret addımlar atmaq lazımdır. Və bir az da belə davam etsə, əminəm ki, bundan elə Rusiyanın özünə də dəyən zərər Volqa ilə Ural üzərindəki qurğuların verdiyi xeyirdən qat-qat çox olacaq".
Aytəkin TOFİQQIZI













