Dövlətin libası-konstitusiya əvəzinə fətva verənlər: Peyğəmbərimiz məktəbi məscidə, yoxsa məscidi məktəbə çevirməyi buyurub? - Zahid Oruc yazır...
Dünyada məktəb, din və geyim münasibətləri üçün vahid model yoxdur. Fransa 2004-cü ildən dövlət tədris binalarında şagirdin dini mənsubiyyətini açıq şəkildə göstərən simvolları – islam örtüyünü, yəhudi kipasını və böyük ölçüdə xaçı – dünyəvilik prinsipi əsasında məhdudlaşdırır. ABŞ-da isə dövlət məktəbi dini tədris edə bilməz, amma şagirdin geyiminə qarşı ayrıca qadağa qoymaq da yolverilməz sayılır. İngiltərədə məktəblərə vahid forma siyasəti qurmaq səlahiyyəti verilir, lakin dini geyimlə bağlı yasaqlar əsaslandırılmalı, məktəb nizam-intizamı, təhlükəsizlik və bərabərlik meyarlarına uyğun olmalıdır. Almaniya Konstitusiya Məhkəməsi isə müəllimin hicabını sırf abstrakt təhlükə ilə qadağan etməməyi, məktəbdə daxili nizama konkret risk göstərməyi tələb edir. Hər bir dövlətin siyasətindəki müxtəliflik fərqli xalqların tarixi, mədəni kimliyi və qarşıya qoyduğu hədəfləri ilə birbaşa bağlıdır.
Azərbaycan sovet dövründən-elmi ateizmin ayrıca fənn kimi tədris edildiyi və dinin inkarı üzərində qurulan ideoloji formasiyadan azad olunduqdan sonra seçdiyi yol nə qonşu dövlətlərin klerikal sistemi oldu, nə də tamamilə Avropanın liberal üsul-idarəsi təkrarlandı. Konstitusiyanın 18-ci maddəsində dinin dövlətdən ayrı olması prinsipini yazarkən Ulu öndər Heydər Əliyev dünyaya mesaj verdi ki, xalqımız öz keçmişinə və milli-mənəvi dəyərlərinə sadiq qalsa da müsəlman Şərqində məhz Respublika quruluşunu seçir, təhsil sistemini də dünyəvi xarakterdə qurur. Əraziləri işğala məruz qalan və xarici mərkəzlərin güclü ideoloji təzyiqləri qarşısında olan bir ölkdədə ümummilli lider yaxşı bilirdi ki, tarixi keçmişi və çoxmillətli bir coğrafiyada, İran və digər dövlətlərin quruluşlarındən fərqli bir sivil siyasi sistem qurulmalıdır.
Azərbaycanda əsrlər boyu məscid və mədrəsələr dini təhsillə yanaşı maarifçiliyin, elmin biliklərin mənimsənilməsinin və milli ziyalıları yetişdirməyin əsas ocaqlarından biri olub. Bakı və digər şəhərlərdə mədrəsələr, çoxsaylı ilahiyyat-fəlsəfə məktəbləri və irfan məclisləri fəaliyyət göstərib. XIX əsrdə isə ənənəvi dini təhsillə birlikdə yeni tipli dünyəvi təhsil müəssisələri, real gimnaziyalar və rus-Azərbaycan məktəbləri meydana gəldi. Təhsil tariximizdə baş verən dəyişikliklər tərkibində olduğumuz imperiyaların maraqları, milli dövlət quruculuğu yolunda aparılan mübarizələrlə birbaşa bağlı idi.

Xüsusilə də neft Bakısında milli burjuaziyanın görkəmli nümayəndələrindən olan Hacı Zeynalabdin Tağıyevin 1901-ci ildə açdırdığı Müsəlman Qızlar məktəbi dini kimliyi inkar etmədən, azərbaycanlı qızını müasir dünya elminə, mövhumat və savadsızlıqdan uzaqlaşmağa, ictimai həyatda fəal iştiraka hazırlamağa hədəflənmişdi. O illərdə Axundovdan Məmmədquluzadəyə, Mahmudbəyovdan Qənizadəyə qədər böyük bir dəstəsi insanlarımızı dinindən qoparmağa yox, kütləvi savadsızlıqdan xilas üçün maarifçilik hərəkatı aparırdılar. İndi keçmiş mütəfəkkirlərin hər birini ləkələyib “rus canişini”, yaxud “fars agenti” və “əxlaq düşkünü” adıyla tarixi missiyalarını inkar etmək obyektiv gerçəkliyi dəyişmir.
Sovet dövründə dini institutlar və ruhaniyyat məktəbləri məhdudlaşdırıldı, mədrəsələr bağlandı, din xadimləri repressiyaya məruz qaldılar. Yalnız İkinci dünya müharibəsi illərində, o cümlədən dövlətin mənafeləri tələb etdikdə kilsə və məscid siyasi mübarizənin ön xəttinə çıxarılırdı. Sovetlər dövründə respublikamızda cəmi 17 məscid qalmışdı. Lakin yaşlı nəslin qəlbindən Allah sevgisini, bəzən arxaizmə və mövhumata xidmət edən, lakin İlahi inanclardan irəli gələn simvolları tam qadağan etmək hətta kommunistlərə də nəsib olmadı.
Digər tərəfdən, eyni dövrdə ümumi kütləvi məktəb sistemi, savadlılıq və dünyəvi ali təhsilin coğrafiyası, əhatə dairəsi misli görünməmiş səviyyədə genişləndi. Müstəqillik bərpa olunandan sonra Azərbaycan nə sovet ateizmini dövlət ideologiyasına çevirdi, nə də onun əksinə teokratik model qurdu. Dinin vətəndaş və milli həyatda yeri bərpa olundu, 1989-cu ildə Bakı İslam Mədrəsəsi yaradıldı, sonrakı illərdə ilahiyyat təhsili formalaşdı, 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutu təsis edildi. Prezident İlham Əliyevin bütün dinlərə, o cümlədən islam sivilizasiyasının mənəvi sərvətlərinə yüksək ehtiramı nəticəsində ölkəmizdə 2389 məscid fəaliyyət göstərir, məzhəblərarası həmrəyliyin ən yüksək göstəricisi-birlik namazları və mərasimləri keçirilir, Ulu öndərin adı ilə bağlı olan məscid Qafqazın ən böyük ziyarət ünvanlarından biridir.
Lakin müstəqillik dövrünün təhsil təcrübəsi başqa bir dərsi də verdi. Xaricdən gələn öyrətim şəbəkələri, elmi fondlar və ideoloji mərkəzlər məktəbə yalnız dərs proqramları ilə daxil olmadılar, ona kəşfiyyat maraqlarının, nüfuzetmə və strateji planlarının gerçəkləşməsi məkanı kimi baxdılar. Ölkəmizdə qardaş Türkiyədən gələn “Çağ” Öyrətim liseyləri və “Araz” kursları bir hərəkat xarakteri daşımaqla ABŞ tərəfindən himayə olunan alternativ hakimiyyət quruculuğu layihəsi idi. 2014-cü ildə güclü maliyyəyə malik və yetərincə təhlükəli şəbəkənin bağlanması qərarı verildi, Türkiyə 2016-cı ilin 15 iyul dövlət çevrilişi cəhdindən sonra dərsxanələrə və hizmət hücrələrinə qarşı sərt cəzalandırma əməliyyatlarına keçdi. FETO hadisəsi bir daha sübut etdi ki, təhsil cəmiyyətin ən gec və dərin təsir yaradan sahəsi, vətəndaşı, onun timsalında milləti və dövləti formalaşdıran bir nömrəli institutudur.

Ona görə də Azərbaycanda vahid məktəbli forması qərarı ətrafında cərəyan edən hadisələr bir nazirliyin problemi olmaqdan çıxaraq ümumxalq məsələsi oldu. Xüsusilə, azyaşlı uşaqların və yeniyetmələrin yer aldığı kampaniyaya xarici dövlətlərin idarə etdiyi virtual şəbəkələrin geniş miqyasda və güclü emosional təsir silahları ilə dəstək verməsi Prezidentin cəmi bir həftə əvvəlki xəbərdarlığının təsadüfi olmadığını təsdiqlədi. Aparılan antitəbliğat “hicab olsun, yoxsa qadağan edilsin” səviyyəsinə çatdırılıb, dövlətin idarə etdiyi və onun məsuliyyət arealına daxil olan məktəbin hansı ümumi dəyərlər üzərində dayanması, uşağın fərdi inancı ilə məktəbin dünyəvi mahiyyətinin harada ayrılması və dəqiq sərhədi kimin, necə, hansı dillə cəmiyyətə çatdırması milli təhlükəsizlik məsələsinə çevilib.
Dövlət başçısının son çıxışında ideoloji məsələlərə xüsusi yer ayırması, ölkəmizə xarici təsirlərə qarşı kəskin etirazı, həyat tərzimizə müdaxiləyə Silahlı Qüvvələrin əliylə deyil, məhz böyük təhsil ordusu ilə mübarizənin vacibliyini vurğulaması ən yüksək səviyyəli səfərbərlik tələbidir. “Hicab savaşı, örtük inqilabı və dini repressiya” narrativləri ilə tirajlanan kampaniya məhz ölkə rəhbərinin göstərdiyi ünvanlardan başlandı. Məktəbi səngərə çevirmək planı ətrafında intensiv, hərtərəfli və geniş coğrafiyada, həm islam, həm də xristian Qərb dövlətləri tərəfindən güclü iş aparılır. Məsələyə inanclı insanlardan əlavə şəhid ailələri, övladları məktəbdən geri qaytarılan qazilər, minlərlə media fəalı və ictimai rəy liderləri münasibət bildirir. Halbuki insanların küçədə, təhsil müəssisələrindən kənarda-ictimai yerlərdə, hətta dövlət binalarında başörtüyündən istifadəsinə hər hansı yasaq qoyulmayıb, etiqad azadlığına müdaxilə baş verməyib.
Məktəbdə dünyəvi təhsil tədris olunur, heç bir dini ideyaları, simvolları və şüarları təmsil edən geyim və atributlara - hicaba, xaça, davud ulduzuna, simvoluna, ateizm loqosuna icazə verilmir. Vahid uniforma nə qapalı, nə qısa olmağı nəzərdə tutur. Dövlət təhsildə geyim meyarlarını müəyyən etmək öhdəliyini daşıyır. Təhsil ocaqları hər hansı ideologiyanın, kənar təsirin və ya dini qütbləşmənin təbliğat platforması deyil. Məktəb millətimizi bütövləşdirən ideoloji suverenliyin əsas ünvanlarından biridir.
Din məktəbindən islam dövlətinə doğru
Avropa ölkələrində, ABŞ-də hicabın yeri ilə Azərbaycanda geyilməsi eyni mahiyyəti daşımır. Çoxkonfessiyalı amerikalılar dövlətin idarəçiliyini dindən ayırmağı bacardıqları üçün sərt qadağalara ehtiyac duymur. Digər tərəfdən, çoxmillətli bir ölkədə hər bir xalqın, etnik topluluqların və icmaların dini etiqadına hörmətlə yanaşı, dini təhsil və rituallarını həyata keçirməsi imkanları da böyükdür. İqtisadi şərtlər və sosial rifah səviyyəsi öz təsirini göstərir. On illərlə qadağa və tabular tətbiq edilməsə belə Amerikda dini geyimlə bağlı fikir ayrılıqları, dövlət quruluşunu dəyişdirməyə yönəlmiş genişmiqyaslı siyasi qarşıdurmaya çevrilmir. Lakin milli dövlətçilik ənənələri yeni formalaşan və yalnız müstəqilliyin otuz ikinci ilində suverenliyə və ərazi bütövlüyünə qovuşan bir cəmiyyətdə təhsilin dinləşməsi istənilən anda islam dövləti qurmağa səbəb ola bilər. Məktəb ideologiyaya xidmət edəndə, xüsusilə də on beş əsrlik tarixi və güclü nüfuzetmə qabiliyyəti olan, sosial durumu həssas və son illərin qlobal təhlükəsizlik böhranı şəraitində hicab əsil siyasi mübarizə silahına çevrilə bilər.
Qoşulduğumuz beynəlxalq konvensiyalarda dini məktəb, mədrəsə və ideologiya proqramlarına keçmək şərtləri əksini tapmayıb, Boloniya sistemi dünyəvi təhsilin meyarlarını, dərəcələrini və kurikulumlarını nəzərdə tutur.
Azərbaycan xalqı tarixən dini inanclarına, islam ənənələrinə və Əhli-beyt irsinə bağlı olub. Ulu öndər Bibiheybət məscidinin-Ziyarətgah kompleksinin açılışında deyirdi ki, dövlətimiz öz milli, mənəvi dəyərlərinə sadiq qalaraq, şübhəsiz ki, daha da yüksələcək. Lakin 1995-ci ildə dini və vicdan azadlığı üçün indi yüz minlərin istinad etdiyi əsas dövlət quruculuğu kitabında-Konstitusiyada ölkədə din hakimiyyəti, Xilafət və Ali Dini Şura yaratmaq nəzərdə tutulmurdu. Ölkəmizdə İslam partiyasını quranların müəyyən yerli və xarici dayaqları vardı, lakin zamanla xalqımız həyatını inanclarına hörmətlə yanaşı, dövlətini və təhsilini dindən kənar tutdu. İndi Vətən müharibəsinin qalibi olan bir milləti hicab tərəfdarları və əleyhdarları adı ilə ikiyə bölmək, Rusiya-Ukrayna müharibəsi və İran ətrafında gedən qlobal savaşda yenə də sabitliyini qoruyan, hətta tarixində ilk dəfə yerləşdiyi regionda müstəqil təhlükəsizlik arxitekturası quran dövlətin siyasi gündəliyini dəyişdirmək qeyri-sabitlik dalğasını daxilə ötürmək deməkdir.

Ulu öndər ailəsiylə Məkkəni ziyarət etmişdi. Möminlərlə bütün dini əlamətdar təqvimdə və mərasimlərdə görüşən İlham Əliyev xalqımızın dini və mədəni sərvətləri uğrunda mübarizəni Vətən müharibəsi dövründə də ardıcıl nümayiş etdirirdi. Ona görə də Şuşa Zəfəri Ali Baş Komandana Azan səsindən sonra məruzə olundu. Qalibiyyət raportunu xalqa çatdırarkən Prezident məhz İlahi üslubdan və dərin etiqadından irəli gələn sözlərlə ifadə etdi. Ölkə başçısı azad torpaqlara bütün səfərlərində inanc yerlərini ilk ziyarət edir, Mehriban xanım və ailə üzvləri ilə birlikdə dua və arzularını dini ibadət məkanlarında edir. Azərbaycanın Birinci vitse-prezidenti Gövhərağa məscidindən əvvəl, çoxsaylı məscidlərin və dini-mədəni abidələrin tikintisi və bərpasına dəstək göstərməklə dini irsə münasibətini hicab geyinmədən, lakin məscidlərə daxil olarkən vacib libasda ən yüksək səviyyədə nümayiş etdirir.
İnanclı insanların da mənsub olduğu siyasi-hüquqi birlik Azərbaycan dövlətidir. Hakimiyyəti, hökumət qurumlarını və məmuriyyət sistemini müxtəlif səbəblərdən tənqid və qəbul etməmək şəxsi seçimdir. Lakin xalqımızın etiqadlı və yaxud inancsız hissəsinin də, hər sosial təbəqədən və sinifdən olanlarının da, ideoloji cinahından asılı olmayaraq, vahid bir vətəni var. Yaxın qonşu ölkələrinin siyasi hakimiyyətlərinin, dini rejimlərinin və kəşfiyyat dairələrinin azərbaycanlı yeniyetmələrin və ya müəllimlərin hüquqları uğrunda mübarizəsi mənəvi təəssübkeşlik və islam həmrəyliyi deyil. İndi hicabın səngərində dövləti dinsiz elan edənlər Ermənistan işğal etdiyi ərazilərdə məscidləri dağıdanda hicab qoruyucularının etirazları niyə eşidilmirdi?
Doğrudur, Elm və Təhsil nazirliyi təşəbbüsçüsü olduğu mühüm qərarı həyata keçirmək üçün zaman seçimini, ona gedən hazırlıq prosesini, cəmiyyətin, ziyalıların, nüfuzlu insanların imkanlarından istifadəni, medianın səfərbərliyini, ən başlıcası yüz minlərlə müəllimi və nəhayət, təkcə inanclı şagirdləri deyil, həm də onların həmyaşıdlarını vahid geyim standartları keçidinə hazırlamalı idi. O zaman indiki kimi, dövlətimizə qarşı aparılan sistemli kampaniyanın qarşısını almaq mümkün idi. İndi isə gündəlik olaraq, şəhid ailələri, yaralı əsgər və zabitlər, o cümlədən inanclı insanların üzərindən, mərasim ifadələri və ayələrlə montaj edilərək sürətli sloqan, rolik və reelslərlə cəmiyyətə yayılır, virtual səfərbərliklə cihad mühitinə hələ dünyagörüşü tam formalaşmamış uşaqları da cəlb etməyə çalışırlar. Vətən müharibəsində yaradılan sarsılmaz birliyi pozmaq, hazırki qlobal təhlükələr şəraitində sabitlik adası kimi qorunan ölkəmizə yönəltmək üçün xarici beyin mərkəzləri tərəfindən pozuculuq tezisləri informasiya məkanını zəbt edib. Diqqət yetirin, “hicablı anaların oğulları torpaqlarımızın azad olunmasında misilsiz qəhrəmanlıq göstəriblər” şüarı 44 günlük savaşla baş örtüyünün birləşdirilməsi, geyim forması məsələsini işğala qarşı mübarizə səviyyəsinə qaldırmaq aşkar şəkildə millətimizi parçalamaq cəhdidir.
Tarixən xilafət dövründə, Avropa orta əsrlər geriliyində olarkən, islam dünyası tibb, astronomiya, riyaziyyat və fəlsəfənin inkişafında aparıcı elmi-mədəni mərkəzlərdən biri idi. Müasir Azərbaycanın qarşısında əsas çağırış güclü milli dini institutun formalaşdırmaqdır. Müsəlman ölkələrində Quranın təfsiri və dini təlim ənənələri arasında ciddi fərqlər mövcuddur. İdeoloji və siyasi institutlar zəif olanda yaranan vakuumu avtomatik olaraq, emissarlıq və xurafat tutur. Halbuki dövlət mübarizəni imanla və ya somvollarla aparmır, əksinə, teoloji təhsilin və tənqidi təfəkkürün səviyyəsini yüksəltmək istəyir.
Hicab bilik göstəricisi və əxlaq simvolu kimi təbliğ ediləndə mahiyyətini dəyişir. Eynilə, baş örtüyü cəhalətlə də eyniləşdirilə bilməz. Həqiqətən də dünyəvi olduğunu bildirən də gerilik, savadsızlıq və dünyagörüş məhdudluğu daşıyıcısı ola bilər. Lakin əsrlərlə müqəddəsləşdirilən və indi bir neçə dövlətin siyasi kursuna çevrilən tarixi hadisələrə görə keçirilən təntənəli rituallar, o cümlədən, baş yarmaq, özünü döymək, faciəni və ölüm hadisələrini kultaşdırmaq imkanı dində çox güclüdür. Onu siyasi idarəetmə ideologiyasına çevirmək üçün insanların vicdan və etiqad sahəsindən çıxararaq hakimiyyətə, qanuna və bütün cəmiyyət üçün məcburi siyasi-hüquqi normaya çevirməyə imkan var. Din məktəbi ona elmsiz və cahil inamı da qəbul edir, lakin təhsil, bilik və zəka məbədləri qapalı qapıları açır. Cəhaləti təkcə dindarlar, yaxud hicablı müəllim, yaxud yeniyetmə yaymaya bilər, həm də dünyəvi görünən, lakin ətrafına küdurət, ixtilaf və düşmənçilik təbliğ edənlər də daşıya bilər. Peyğəmbərimizin yaratdığı ənənədə məktəbi məscidə çevirməkdən daha çox, məscidi məktəbə çevirmək ruhu hakim idi.
Əgər bütün şagirdlər və müəllimlər məktəbə dünyəvi qiyafədə gəlsələr, təhsilimizin bütün fundamental problemləri avtomatik həllini tapmayacaq. Çünki öyrənmənin bir nömrəli hədəfi beyinlərin içərisi, uşaqların zahirindən çox daxili aləmi, zəkası, dünyagörüşü və şəxsiyyət kimi formalaşmasıdır. Milyonlarla azərbaycanlı gənci-qalib nəslin yetişdirilməsi mümkün olarsa, inanc libasından 'taliban' hərəkatı yarada bilməyəcəklər, İŞİD bayrağı düzəltmək mümkün olmayacaq, dini vaizlər siyasi ayətullahlara çevrilməyəcəklər.
Məktəbin sərhədi ateistlə dindar arasında ideoloji qarşıdurma xətti, səngər kimi qəbul olunmamalıdır. Hicab geyinməyənlərin böyük əksəriyyəti də Qurana müqəddəs kitab kimi baxır, Allaha inanır, lakin məktəbi milli papaqda və ya kipada dərslərin verildiyi yerə çevirəndə, yaxud müasirlik adı altında son brendlərin sərgi salonuna döndərəndə tədris öz mahiyyətini itirir, təlim və tərbiyə daha çox modalar evinə, yaxud Malla çevrilir.
Əqidə əvəzinə istehlakçılıq dəyərlərini yayan kazinolar, barlar, saysız ticarət mərkəzləri və əyləncə yerləri arqumenti dünyanın bir çox yerlərində əks arqument kimi tez-tez səslənir. Lakin dini iqtisadiyyat, mədəniyyət, hökumət qurulanda həyat şərtləri dəyişir. Dövlət başçısının vurğuladığı kimi, əsas təhlükə ideoloji boşluqdur, alt qatda gizli müqavimət, qarşıdurma, sosial problemlərin təkcə siyasiləşməsi yox, həm də dini qəliblərə salınaraq sərt kanonlaşdırılması dövləti hicabla müharibədə göstərmək, Konstitusiyanı radikal çıxışların hüquqi bazasına çevirmək deməkdir.
Cəmiyyətdəki sağlam qüvvələrin – ilk növbədə, şəhid ailələri, ziyalılar, müəllimlər, elm adamları və ictimai fəalların səfərbər edilməsinə ehtiyac var. Uşaqlara, valideynlərə izah olunmalıdır ki, məktəbli forması heç bir dinə qarşı təzyiq məqsədi üçün seçilməyib, əksinə, bütün inancların sərbəst və bərabər şəkildə mövcud ola biləcəyi azad hüquqi cəmiyyəti yaratmaq üçündür.
İdeoloji mübarizə səngərinin möhkəmləndirilməsinə birinci növbədə, dövlət rəhbəri çağırış etdi. Təhsildə vahid geyim meyarları üçün vacib olan elmi tədqiqatlar qərar qəbuletmədə çox böyük önəmə malikdir. Sosial Tədqiqatlar Mərkəzinin vaxtilə apardığı elmi araşdırmalar “Azərbaycanda islam” barometri seriyasına daxil idi. “Hicabla çoxdan müharibə gedir”, deyənlərə ən yaxşı cavab vətəndaşlarımızın ümumiləşdirilmiş və obyektiv mövqeyidir. Dini azadlıqlara və dövlətin din siyasətinə əhalinin rəyi, 2023-cü ilin may ayındakı nəticələrə görə yetərincə müsbətdir. Rəyi soruşulan respondentlərin 46,4%-i ölkədə din azadlığının təmin olunma səviyyəsindən tam razı, 32,6%-i əsasən razı olduğunu ifadə edib. Əsasən razı olmadığını bildirənlər 8,1%, heç razı olmadığını deyənlər 10,1% təşkil edib. Ölkədə din azadlığının təmin olunma səviyyəsinə münasibətdə 18-24 yaş qrupu respondentlərin 44%-i, 35-44 yaş qrupu respondentlərin 47%-i, 65 yaşdan yuxarı respondentlərin 55%-i tamamilə razı olduğunu bildirir. Başqa sözlə, yuxarı yaş qruplarına doğru razılıq göstəricisində artan tendensiya mövcuddur. Lakin ötən dövr üzrə müqayisədə ölkədə din azadlığının vəziyyətindən razı olanların sayında kiçik azalma mövcuddur, narazı olanların sayında isə artan dinamika nəzərə çarpır.
Sorğularda hicab mövzusuna ictimai münasibət də diqqət mərkəzində saxlanılıb. Xüsusilə də indiki dövrdə əsas mövzu ilə əlaqədar, respondentlərin 54,4%-i hicaba müsbət, 13,4%-i mənfi yanaşdığını ifadə edib. Lakin nəticələr avtomatik şəkildə həmin insanların məktəblərdə də hicaba eyni yanaşmasını göstəmir. Onlardan 31,8%-i həssas mövzu kimi ona neytral mövqe sərgiləyib. 18-24 yaş qrupu respondentlərin 58%-i, 35-44 yaş qrupu respondentlərin 60%-i, 65 yaşdan yuxarı respondentlərin 36%-i hicaba müsbət yanaşır. Təhsil göstəriciləri üzrə nəzərdən keçirdikdə, orta təhsillilərin 62%-i müsbət yanaşarkən, ali təhsillilər üzrə analoji mövqedə olanlar 38% təşkil edir. Yəni, dövlətimizin siyasəti ilə xalqımızın mövqeyi arasında güclü bir anlaşma və uzlaşma mövcuddur.
Lakin orta məktəblərdə hicab, dini təhsil və dünyagörüş, bilik səviyyəsi, yaş qrupu, sosial vəziyyət və iqtisadi zonalar üzrə məktəblilər arasında, o cümlədən, həmin şəxslərin mənsub olduğu ailələrin dini inanclarına dair peşəkar səviyyəli sosioloji tədqiqatlar əlçatan ictimai resurslarda mövcud deyil. Əgər olsaydı, onun üzərindən gəncliyin dinə münasibətinə dair daha elmi nəticələri çıxarmaq, təhsil siyasəti ilə hansı gerçəkliyi dəyişmək və yeni hədəfləri müəyyənləşdirmək olardı. Ona görə də ümumi təhsil müəssisələrində 1,6 milyondan çox şagird təhsil alsa da, onların neçəsinin hicab taxdığına dair açıq rəsmi statistika olmadığı şəraitdə hökuməti bütün uşaqların təhsil və vicdan azadlığını pozmaqda qınamaq əsassızdır. Dövlət hicabla savaşmır, əksinə təhsildə vahid qaydanın bərqərar olunmasına çalışır.
Xüsusi vurğulanır ki, Qarabağ şəhidlərinin, qazilərinin də bir çoxunun anası hicablıdır. Vətən müharibəsi ilə indiki geyim islahatı arasında birbaşa siyasi əlaqə yaratmaq xüsusi məqsədlərə xidmət edir. Yəni, Silahlı Qüvvələrin mühüm bir hissəsi inanclı ailələrin övladlarıdır, inancla döyüşə qatılan oğullarımızın mənəvi gücü və iradəsi daha da yenilməz olub. Lakin ordu dini ayinlər və xürafat təlimləri üzərində qurulmur. Azərbaycan islam ordusu yaratmır, şəriət prinsipləri əsasında əsgər və zabitlərin fəaliyyətini tənzimləmir. Dünyada aparıcı NATO standartları çərçivəsində hər bir hərbçinin əməlinə qiymət verilir. Baxmayaraq ki, onların inanclı kəsiminə döyüş vaxtı istisna olmaqla ibadətlərini icra etmək üçün yer və zaman tanınır. İndiki şəraitdə müharibə, ordu və məktəbləri vahid məktəb səngərində birləşdirməyin məqsədi millətimizə qarşı məkrli plandır, döyüş meydanında Ermənistanla birlikdə məğlub olanların tezisidir.

Aparılan kampaniya Qarabağ, şəhidlik və inanc anlayışları ilə birləşdiriləndə məktəbin sərhədlərini aşır, örtük naminə deyil, dövlət uğrunda mübarizəyə keçir. Hər bir dini libaslı insanı xarici dairələrə təəssübkeşlikdə ittiham etmək də düşmən mövqeyini gücləndirməkdir, çünki istənilən vətəndaş və əcnəbi şəxs nəinki dindar, o cümlədən, aqnostik və deist kimi ölkəmizdə yaşayır, təhsil alır. Lakin dövləti məsciddən idarə etmək istəyənlər üçün getməyə onlarla ölkə var. Rusiya-Ukrayna savaşının beşinci ilində, İrana qarşı strateji raket hücumlarının bitmədiyi bir şəraitdə hicabla dövlətimizin başını ələ keçirməyə çalışanlar keçmiş işğalçılardır, Qələbəmizdən sonra Qarabağdan əlləri çıxanlardır.
Hicab sadə və mömin yüz minlərlə insan üçün inanc və əqidə atributu olsa da, onu siyasi islamın simvoluna çevirən qonşu İran və Səudiyyə Ərəbistanı, son illər qardaş Türkiyədə müəyyən neosmançı dairələr var. Bir çoxları şəriət modelini də ölkəmiz üçün məqbul sayır. Onların Somalidə Əl-Şəbabın hakimiyyəti, yaxud Nigeriyada Boko Haramın edamları şəraitində yaşaması qeyri-mümkündür.
Dövlət dinin, dilin, vicdan azadlığının və təhsildə hüquqi qaydaların qorunmasına nəzarət etməlidir. Hicabın şəxsi etiqad atributu olmaqdan çıxarılıb siyasi səfərbərlik vasitəsinə çevrilməsi onun peyğəmbərimizdən qalan mahiyyətini dəyişməkdir. İslamın adı altında aktivləşən radikal dini qruplar, fanatizmlə teokratik quruluşa çalışırlar. İranda məktəbli qızlar məsburi hicab siyasətinə, əxlaq polisinə və istismarçılığa canları-qanları ilə etiraz edirlər. Öz ölkəsində gənclərin üsyanı ilə üzləşən dövlətlərin gəlib Azərbaycan məktəblərinə və cəmiyyətinə necə yaşamağı öyrətməsi yolverilməzdir. Din zorla və təkcə örtüklə deyil, yalnız təhsil, tərbiyə və biliklə qorunur. Açıq mənbələrin monitorinqi göstərir ki, İranın farsdilli və Qafqaz yönümlü bir sıra media və sosial şəbəkə platformalarında vahid geyim qaydaları ardıcıl olaraq ‘İslama hücum’, ‘şiələrin sıxışdırılması’ və ‘sionist plan’ kimi təqdim olunur. Tasnim, Azərbaycan Araşdırmaları Mərkəzi, Azariha, Ziya əs-Salihin və bəzi dini media platformalarında eyni tezislərin, görüntülərin və müqayisələrin bir-birini təkrarlaması koordinasiyalı hücumdan xəbər verir.
Əslində, dövlət hicabın yox, radikallığın, talibançılıq ideologiyasının, “Müsəlman Qardaşları” tipli siyasi-dini təşkilatlanma modelinin və dövlət idarəçiliyinin teokratik əsaslarla dəyişdirilməsinə, yalnız bir rənglə yaşıl inqilaba cəhd edənlərin qarşısındadır. Azərbaycanın gücü onun dünyəviliyində, dini tolerantlığında və müxtəlif inanclı insanların eyni dövlətin vətəndaşı olmalarındadır. Ölkəmiz milli dövlətçilik ənənələri ilə islam dəyərlərini uğurla uzlaşdırır. Məzhəb nifaqı, xristianlıq və islam arasında toqquşmaya nail olmaq planları işləməyəndə dini xurafat yayılır. Dövlətin vəzifəsi məktəbi ideoloji təbliğat məkanı deyil, elm ocağı kimi qorumaqdır.
Vətən müharibəsində əldə edilən Qələbə milli birliyimizi daha da gücləndirdi. İndi məqsəd vətəndaşı öz dövlətinə qarşı qoymaqdır. Minlərlə saxta hesablar və süni intellekt alqoritmləri ilə gücləndirilən, cəmiyyətin həssas nöqtələrini yaxşı öyrənən mərkəzlər “hicaba qadağa qoyuldu” kimi yanlış xəbərləri tirajlayır. Ölkəmizə qarşı informasiya və ideoloji cəbhədə aparılan məqsədyönlü hücumların məhz indiki tarixi mərhələdə intensivləşməsi-Ermənistanla sülh danışıqlarının həlledici mərhələyə qədəm qoyduğu, yeni və müstəqil təhlükəsizlik mühitinin formalaşdığı bir dövrdə edilməsi hər bir azərbaycanlını düşündürməlidir.
Milli birliyimiz imperiya maraqlarına uyğun deyil. Təhsil sistemində verilən bir qərarın dairəsini genişləndirərək Azərbaycanı islam aləmindən qoparan, İsraillə əməkdaşlığını Fələstin xalqının faciələrinin əsas səbəbi kimi hədəfə gətirən dairələr 2020-ci ilin Vətən müharibəsi dövründə də xalqımıza qarşı çıxış edən qüvvələr sırasında idilər. Bir agentura platforması yazır ki, üçrəngli bayraq ingilisin bizə zorla qəbul etdirdiyidir, onun rəngi solduğu üçün atribut dəyərini itirib. Göründüyü kimi, ötən əsrin ortalarında ABŞ kəşfiyyatının soyuq müharibədə sovetlərə qarşı tətbiq etdiyi taktika indi ölkəmiz əleyhinə aparılır. Onlar sürətlə virtual şəkildə təşkilatlanması, qısa videomaterialların kütləvi tirajlanması, hədəf kimi məktəb direktorlarının şəkilləri və adlarının açıq platformalarda yayılması, şəhadət və imam Hüseyn məktəbi ilə bağlı dini-siyasi çağırışlardan istifadə edilməsi, mücahidlik və özünüfəda ruhunun aşılanması Yaxın Şərqdə, o cümlədən, Əfqanıstan və bir çox müsəlman ölkələrində dəfələrlə sınaqdan çıxarılan ssenarilərdir.
Hicab düşmənləri xalqını gülləbaran edənlərdir, Azərbaycan deyil!
Ali Baş Komandan İlham Əliyev ən böyük ziyarət və müqəddəs məkanı Şuşada bütün dünya müsəlmanlarının siyasi Məkkəsi kimi təqdim edib.
Azərbaycanın Ali rəhbərini, İslam dünyasının mənəvi birliyini təmin edən bir şəxsiyyəti deyil, digər qibləgahlara sitayiş edirlərsə, onların hicab və uşaq hüquqları davasının özü örtükdür. Peyğəmbərə aid edilən məşhur ‘Elm Çində olsa belə, onu öyrənməyə gedin’ kəlamı İslam mədəniyyətində elmə verilən yüksək dəyərin, hətta inancsız saydığı bir məkanda da oxumağı, işıqlanmağı və ziyalanmağı buyurduğunun ifadəsidir.
Heç kəs hicabı terrora – talibana bərabər tutmur. Lakin şiə namazı qılanın yanında İran, vəhabilərin əhatəsində Ər-Riyad haqqında əks fikir söyləmək çətinləşəndə Azərbaycan dövlətinə təəssübkeşlik azalır, muzdlu döyüşçülərin sıraları artır. Vaxtilə Suriyada, sonradan slavyan dünyasında həyatını itirən azərbaycanlıları belə ideoloji təsir altına saldılar. 30 milyon azərbaycanlıya milli dilində təhsil verməyənlərin “hicab cihadı”na inanmaq cahillikdir. Allahu-əkbər sədaları altında minlərlə insanı Məhsa Əmini kimi linç edənlərin məktəbi yoxdur.

Sabah dövləti də indi istinad etdikləri Konstitusiya əvəzinə Fətva ilə idarə etmək tələb olunanda təkcə məktəbdə yox, bütün ölkədə vahid uniforma geyinmək ən böyük əxlaq və mənəviyyət, dini mənsubiyyət göstərici sayılacaq. Yayılan posterlərdə ötürülən mesaja diqqət yetirin, deyilir ki, Allaha və onun qanunlarına qarşı çıxanların heç birinin aqibəti yaxşı olmayıb. Bir çox müsəlman ölkələrində çox işlənən şüardır. Yəni, hökumət qərarına qarşı getmək üçün onu qeyri-ilahi elan edib insanları mübarizəyə çağırırlar. Hicabı müqəddəs ayələr arasında axtaranlar birinci onun bütövlükdə mənasını düzgün dərk etməlidirlər. Quran oxumaq, tilavət və qiraət etmək deməkdir. Ona görə də kitab şəklindədir, cildə, səhifələrə, fəsillərə malikdir.
Zəka və rasional düşüncə ilə silahlanmış, özünü qabaqcıl dünyanın bir parçası kimi görən cəmiyyət hicablı bacı və analarına ehtiramla yanaşır, lakin onun sərhədlərini və yerini dəqiq müəyyənləşdirir. Oğlanları da dini atributlarla silahlandırıb məktəblərə göndərəndə qarşılarında orta əsr Xilafəti yaranır. “Hicabı yox, uşaqların hüquqlarını müdafiə edirik”, deyənlərin “libası məktəbin xüsusi qorunan yerində saxlamaq hansı təhlükəni yaradır”, sualı cavabsız qalır. Lakin hər bir ailə və uşaqla dialoq aparılmasa, ideoloji platformalar ziyalıların, alimlərin və universitetlərin meydanına çevrilməsə dezinformasiyalar genişlənə bilər.
Hicabı dövlətin uniformasına çevirəndə o coğrafiyada yaşayan bütün xalqların və dinlərin inanclarına, yaxud sekulyarlıq baxışlarına uyğun milyonların arzuladığı ölkə əvəzinə bir libaslı cəmiyyət yaranır.
Dövlətin öz libası var-üçrəngli bayraq hansı dəyərlər və irsə söykəndiyimizi aydın göstərir, can atdığımız idealları və hədəfləri özündə dəqiqliklə ehtiva edir. Yaşıl rəng bayrağın üçdəbiridir, hamısı deyil. İdeoloji və siyasi tarazlıq pozulanda təkcə bir rəng böyümür, dövlətin təməlləri sarsılır, çünki cəmiyyətdə müxtəlif dinləri və baxışları olanları qəbul etməmək, tiraniya və dini diktatura formalaşdırır. Ona görə də dövlətin libası məktəbdə hansı dərsi öyrətməsindən və öyrənməsindən çox asılıdır.
Əsrlər boyu davam edən dini-siyasi qarşıdurmaların müasir təhsil mühitinə daşınması məktəbin əsas maarifçilik missiyasını zəiflədir. Hicab geyinən dövlətlərin çoxunun obrazı yaxındadır.
Azərbaycan müsəlman ölkəsidir, lakin İslam dövləti deyil. Şüarı qəbul etməyənləri kimsə mühakiməyə qalxmır, lakin xalqımızın mütləq əksəriyyəti siyasi quruluşunu məhz belə görür. Dövlətin libası bir rəngin o birini udmadığı üç sütundur- dünyəvilik yaşıl rəngi silmir, dinimizin kitabı mavi və qırmızı ilə bərabər yaşamağı-türkçülüyə, müasir dünyaya və islam sivilizasiyasına məxsusluğu dövlətimizin ən güclü qoruyucu zirehi, dəmir libası kimi qəbul edir.
Məktəb vətəndaşın, millətin və dövlətindir! Allahın ilk əmri isə Oxudur!













