Əməkdaşlığın yeni mərhələsi...
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə yeni məzmun qazanaraq strateji tərəfdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib.
Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşündə çıxışı bu əməkdaşlığın artıq ayrı-ayrı sahələri deyil, geniş strateji istiqamətləri əhatə etdiyini nümayiş etdirdi. Azərbaycanın bu platformaya tamhüquqlu üzv kimi qoşulması da region dövlətləri ilə əlaqələrin daha sistemli şəkildə inkişafına mühüm zəmin yaradıb.
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun intensivləşməsi iqtisadi münasibətlərə də müsbət təsir göstərir. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi və birgə investisiya fondlarının yaradılması yeni əməkdaşlıq imkanlarının formalaşdığını göstərir. Xüsusilə istehsal, sənaye və ixrac yönümlü layihələrin həyata keçirilməsi qarşıdakı dövrdə iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən biri ola bilər.
Nəqliyyat sahəsində əməkdaşlıq isə Azərbaycanın regional rolunu daha da gücləndirir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın Azərbaycan və Avropa ilə əlaqələndirilməsi, Orta Dəhlizin imkanlarının genişləndirilməsi və müasir nəqliyyat infrastrukturunun inkişafı regionun iqtisadi potensialının reallaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Tranzit yükdaşımaların artması bu marşrutun getdikcə daha böyük əhəmiyyət qazandığını təsdiqləyir.
Enerji sahəsində də tərəfdaşlığın coğrafiyası genişlənir. Ənənəvi enerji resurslarının daşınması ilə yanaşı, bərpaolunan enerji istiqamətində həyata keçirilən birgə layihələr Azərbaycanla Mərkəzi Asiya arasında yeni əməkdaşlıq imkanları yaradır. Yaşıl enerji dəhlizinin yaradılması regionun enerji resurslarının beynəlxalq bazarlara çıxarılması baxımından mühüm perspektivlər açır.
Azərbaycanın azad edilmiş ərazilərində Mərkəzi Asiya dövlətlərinin həyata keçirdiyi layihələr isə münasibətlərin yalnız iqtisadi maraqlara əsaslanmadığını göstərir.
Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq qarşılıqlı etimad və ortaq maraqlar əsasında sürətlə dərinləşir. Siyasi dialoq, investisiya, nəqliyyat, energetika və humanitar əlaqələrin paralel inkişafı bu tərəfdaşlığın uzunmüddətli və strateji xarakter daşıdığını göstərir. Azərbaycanın regional təşəbbüslərdə fəal iştirakı isə ölkəmizin Mərkəzi Asiya ilə Avropa arasında mühüm əlaqələndirici tərəf kimi mövqeyini daha da möhkəmləndirir.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri













