"Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir"
Azərbaycan ilə Türkmənistan arasında tarixi dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illərdə daha da möhkəmlənir. Siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlər və iqtisadi əməkdaşlığın genişlənməsi iki ölkə arasındakı əlaqələrin dinamik inkişafını nümayiş etdirir.
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirakı regional əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Dövlətimizin başçısı çıxışında Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyini xüsusi vurğulayaraq ötən ildən bəri iki ölkə arasında yüksək səviyyədə beş qarşılıqlı səfərin həyata keçirildiyini bildirib. Prezident cənab İlham Əliyev bunu siyasi dialoqun intensivliyinin və əlaqələrin daha da möhkəmləndirilməsinə qarşılıqlı istəyin göstəricisi kimi dəyərləndirib.
Dövlət başçısı Türkmənistanın Füzuli şəhərində məscid tikintisi təşəbbüsünü də xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın bariz nümunəsi kimi qeyd edib. Bu cür təşəbbüslər Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin yalnız siyasi və iqtisadi deyil, eyni zamanda, humanitar və mədəni dəyərlər üzərində qurulduğunu göstərir.
Oktyabrın 8-də Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla keçirdiyi görüşdə də ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, Xəzər dənizi ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Azərbaycan və Türkmənistanın Xəzər hövzəsində yerləşməsi, zəngin iqtisadi potensialı və əlverişli tranzit imkanları Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması və enerji resurslarının beynəlxalq bazarlara çatdırılması üçün geniş imkanlar yaradır. Bu əməkdaşlıq həm ikitərəfli iqtisadi əlaqələrin güclənməsinə, həm də region ölkələri arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına xidmət edir.
Beləliklə, Prezident İlham Əliyevin Türkmənbaşı şəhərindəki çıxışı və keçirdiyi görüşlər Azərbaycan-Türkmənistan münasibətlərinin mövcud inkişaf dinamikasını və gələcək əməkdaşlıq perspektivlərini bir daha gündəmə gətirib. Tarixi dostluğa, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan bu münasibətlər Xəzər regionunda iqtisadi əlaqələrin və regional əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini













