İdeoloji təhlükəsizliyin təmin olunması və milli-mənəvi dəyərlər əsasında gəncliyin formalaşdırılması...
Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasəti, beynəlxalq nüfuzu, tolerantlıq və multikulturalizm ənənələri ilə seçilən dövlətdir. Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dini irsə ehtiram və İslam həmrəyliyinin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqində ideoloji təhlükəsizlik məsələsinə toxunması müasir dövrün reallıqları ilə bağlıdır. Bu gün informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin ictimai rəyə təsir imkanlarının genişlənməsi, müxtəlif təbliğat vasitələrinin sərhəd tanımaması dövlətlərin qarşısında yeni vəzifələr qoyur. Belə şəraitdə milli maraqların qorunması yalnız fiziki təhlükəsizlik tədbirləri ilə məhdudlaşmır. Cəmiyyətin dezinformasiyaya, radikal çağırışlara və manipulyativ ideoloji təsirlərə qarşı dayanıqlığının artırılması da xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın ideoloji təhlükəsizliyi milli-mənəvi dəyərlərin yaşadılması, keyfiyyətli təhsil, hüquqi düşüncə və ictimai həmrəyliyin möhkəmləndirilməsi ilə sıx bağlıdır. Gənc nəslin savadlı, vətənpərvər, müstəqil düşüncəli və qanunlara hörmət edən vətəndaşlar kimi yetişməsi bu istiqamətdə əsas prioritetlərdəndir. Milli birlik, dini və mədəni müxtəlifliyə hörmət, dünyəvi dövlətçilik prinsiplərinə sədaqət bir-birini tamamlayan dəyərlərdir. Bu dəyərlərin qorunması cəmiyyətin sağlam inkişafına, ölkənin ideoloji dayanıqlığına və dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir.
Bu gün xarici mərkəzlər nəzarət etdikləri media vasitələri və sosial şəbəkə platformaları üzərindən zərərli ideoloji təbliğat apararaq Azərbaycan cəmiyyətinə, xüsusilə dünyagörüşü və düşüncə tərzi hələ formalaşmaqda olan uşaqlara, gənclərə təsir göstərməyə çalışırlar.
İdeoloji təhlükəsizliyin təmin olunmasında təhsil və maarifləndirmə aparıcı yer tutur. Savadlı, müstəqil düşünən, hadisələrə tənqidi yanaşmağı bacaran gənclər yanlış məlumatları daha asan müəyyənləşdirir, müxtəlif təsir vasitələrinin mahiyyətini daha düzgün qiymətləndirirlər. Bununla yanaşı, vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət və dövlətçilik şüurunun formalaşdırılması gənc nəslin sağlam dünyagörüşünün inkişafına xidmət edir. Bu işdə ailənin, məktəbin və cəmiyyətin birgə fəaliyyəti mühüm rol oynayır.
Məktəb yalnız bilik verilən təhsil müəssisəsi deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, ictimai davranış normalarını mənimsədiyi və başqalarının hüquqlarına hörmət etməyi öyrəndiyi mühüm sosial mühitdir. Buna görə məktəbdaxili nizam-intizamın qorunması, şagirdlər arasında bərabər münasibətlərin formalaşdırılması və vahid qaydaların tətbiqi təhsil prosesinin ayrılmaz hissəsidir. Təhsilalanlar üçün müəyyən edilmiş məktəbli forması tələbləri də bu məqsədlərə xidmət edir. Vahid geyim şagirdlər arasında ailələrin maddi imkanlarından irəli gələn fərqlərin ön plana çıxmasını məhdudlaşdırır, kollektivə aidlik hissini gücləndirir və diqqətin tədris prosesinə yönəlməsinə kömək edir.
Azərbaycanın gələcəyi müasir elmi və texnologiyanı mənimsəyən, öz dövlətinin müstəqilliyini və suverenliyini dərk edən gənclərin əlindədir. Belə gəncliyi yetişdirmək üçün dövlət siyasəti, ailə tərbiyəsi, müəllim nümunəsi və cəmiyyətin mənəvi məsuliyyəti bir-birini tamamlamalıdır. Çünki dövlətin gücü yalnız sərhədlərinin toxunulmazlığı ilə deyil, həm də vətəndaşlarının düşüncə azadlığı, mənəvi dayanıqlığı, milli həmrəyliyi və gələcəyə inamı ilə ölçülür. Məktəb isə bütün bu dəyərlərin biliyə, tərbiyəyə və vətəndaşlıq mövqeyinə çevrildiyi ən mühüm məkandır.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri













