Məktəbdə vahid geyim qaydaları: Nizam-intizam və sağlam təhsil mühitinin əsası

 12:02 13.10.2026     165

Dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması, məktəbdaxili nizam-intizamın gücləndirilməsi və sağlam təhsil mühitinin yaradılması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, şagirdlərin məktəbli formasına, müəllimlərin isə işgüzar geyim tələblərinə riayət etməsi məktəbdə vahid dəyərlərin və geyim mədəniyyətinin formalaşmasına xidmət edir.

Məktəb yalnız bilik qazandıran məkan deyil, həm də uşaqların və gənclərin şəxsiyyət kimi formalaşdığı, qarşılıqlı hörmət və məsuliyyət prinsiplərini mənimsədiyi mühüm sosial mühitdir. Bu mühitdə geyim qaydalarına əməl olunması ümumi nizam-intizamın və təşkilati mədəniyyətin vacib tərkib hissəsidir.

Şagirdlər üçün vahid məktəbli forması kollektivə aidlik hissini gücləndirir, sosial-iqtisadi fərqlərin geyim vasitəsilə ön plana çıxmasını və ayrı-seçkilik risklərini azaltmağa kömək edir. Eyni zamanda, şagirdlərdə bərabərlik, həmrəylik və daxili qaydalara hörmət kimi dəyərlərin formalaşmasına müsbət təsir göstərir.

Müəllimlərin işgüzar geyim tələblərinə əməl etməsi də məktəb mədəniyyətinin mühüm elementidir. “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” təhsilverənlər üçün vahid yanaşmanın müəyyənləşdirilməsini və işgüzar geyim mədəniyyətinin formalaşdırılmasını nəzərdə tutur. Sadə, səliqəli və peşəkar geyim müəllimin nüfuzunun qorunmasına, məktəbin ictimai imicinin möhkəmlənməsinə və tədris mühitinin düzgün təşkilinə töhfə verir.

Həm şagirdlərin məktəbli forması, həm də müəllimlərin işgüzar geyimi məktəbin ortaq dəyərlərini, intizamını və korporativ mədəniyyətini əks etdirir. Müəllimlərin davranış və geyim mədəniyyəti şagirdlər üçün nümunə olduğu kimi, şagirdlərin də qaydalara məsuliyyətlə yanaşması sağlam məktəb mühitinin formalaşmasında mühüm rol oynayır.

Bu yanaşmanın səmərəli tətbiqi məktəb rəhbərliyinin, müəllimlərin, şagirdlərin və valideynlərin birgə əməkdaşlığını tələb edir. Müəyyən edilmiş qaydalara riayət olunması qarşılıqlı hörmətin güclənməsinə və təhsil prosesinin daha səmərəli təşkilinə şərait yaradır.

Nəticə etibarilə, vahid geyim yanaşması yalnız xarici görünüşlə bağlı tələb deyil, həm də bərabərlik, peşəkarlıq, məsuliyyət və məktəbə aidlik hissinin ifadəsidir. Bu prinsiplərə əməl olunması müəllim və şagirdlərin ortaq dəyərlər ətrafında birləşməsinə və sağlam təhsil mühitinin formalaşmasına xidmət edir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən