Alimlər qocalmanı sürətləndirən “zombi hüceyrələri” aşkar etməyin yeni üsulunu TAPDILAR

 14:45 13.10.2026     142

ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri toxumalara zərər vermədən qocalan “zombi hüceyrələri” müəyyən etməyə imkan verə biləcək işıq siqnalı aşkarlayıblar. Bu hüceyrələr bölünmə qabiliyyətini itirsələr də, ölmür və yaş artdıqca toxumalarda toplanaraq iltihabla əlaqəli maddələr ifraz edə bilirlər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Aging” elmi jurnalında dərc olunub.

Qeyd edək ki, qocalan hüceyrələr hər zaman zərərli olmur. Onlar yaraların sağalması kimi proseslərdə də iştirak edirlər. Hazırda belə hüceyrələri aşkar etmək üçün, adətən, toxuma nümunələri xüsusi markerlər vasitəsilə araşdırılır.

Tədqiqat zamanı alimlər cavan və yaşlı siçanların ağciyər və dəri toxumalarını öyrəniblər. Bunun üçün Raman mikroskopiyası metodundan istifadə olunub. Bu üsul lazer işığının toxumalardakı molekullardan səpilməsini təhlil etməklə onların kimyəvi tərkibini müəyyənləşdirməyə imkan verir. Daha sonra əldə olunan işıq siqnalları ayrı-ayrı hüceyrələrdəki gen aktivliyi ilə müqayisə edilib.

Məlum olub ki, ağciyər və dəri toxumalarındakı qocalan hüceyrələrin gen fəaliyyəti fərqlənsə də, hər iki toxumada lipidlər, yəni yağlar və yağabənzər molekullarla əlaqəli ortaq işıq siqnalı mövcuddur. Bu siqnal qocalan hüceyrələrdə daha güclü olub. Alimlər həmin məlumatlar əsasında bu hüceyrələri adi hüceyrələrdən fərqləndirmək üçün xüsusi “ştрих-kod” hazırlayıblar.

İşıq siqnalları ilə genetik məlumatlar birlikdə təhlil edildikdə, kompüter modeli ağciyər toxumasındakı qocalan hüceyrələri təxminən 78 faiz, dəri toxumasındakı hüceyrələri isə 65 faiz dəqiqliklə müəyyən edib. Bununla belə, nəticələr hələ məhduddur və təcrübələr yalnız siçan toxumaları üzərində aparılıb.

Gələcəkdə tədqiqatçılar metodu təkmilləşdirməyi və onun canlı orqanizmdə qocalan hüceyrələri müəyyən edib-etməyəcəyini yoxlamağı planlaşdırırlar. Əgər üsul özünü doğruldarsa, toxumalardakı dəyişiklikləri izləməyə və “zombi hüceyrələrə” qarşı hazırlanan dərmanların effektivliyini təkrar biopsiyalara ehtiyac olmadan qiymətləndirməyə imkan yarana bilər.

Lakin metodun insanlarda tətbiq edilə bilməsi üçün əlavə tədqiqatlar aparılmalıdır.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən