"Vahid məktəbli forması dini etiqadın məhdudlaşdırılması deyil" - Afət Həsənova

 17:57 14.10.2026     87

Milli Məclisin deputatı Afət Həsənova məktəblərdə vahid geyim formasının tətbiqi və son günlər bu mövzu ətrafında aparılan müzakirələrə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, deputat özünün feysbuk hesabında paylaşım edərək qeyd edib ki, məktəblərdə vahid geyim formasının tətbiqi ilk növbədə təhsil mühitində nizam-intizamın, bərabərliyin və sağlam sosial mühitin təmin olunmasına xidmət edir.

O, bu məsələni dini inancla qarşıdurma kimi təqdim etməyin düzgün olmadığını vurğulayıb:

"Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə hər kəsin dini etiqad azadlığı qanunla qorunur. Vahid məktəbli formasına dair tələblər isə dini etiqadın məhdudlaşdırılması deyil, təhsil müəssisələrində bütün şagirdlər üçün ümumi qaydaların tətbiqidir. Məktəb ilk növbədə təhsil və tərbiyə məkanıdır və burada uşaqlar arasında geyimə, ailənin maddi imkanlarına və digər fərqlərə görə ayrı-seçkilik yaranmaması mühüm əhəmiyyət daşıyır".

Vahid məktəbli formasının mühüm sosial tərəfinə toxunan A.Həsənova bildirib ki, ailələrin maddi imkanları fərqli olsa da, məktəbdə hər bir uşaq özünü digərləri ilə bərabər hiss etməlidir. Vahid geyim uşaqlar arasında sosial fərqlərin qabardılmasının qarşısını alır və diqqətin geyimə deyil, bilavasitə təhsilə yönəlməsinə kömək edir.

Məsələnin süni şəkildə dini müstəviyə keçirilməsi cəhdlərindən təəssüfləndiyini bildirən deputat, cəmiyyəti həssas davranmağa çağırıb:

"Son günlər bu məsələnin süni şəkildə dini müstəviyə keçirilməsinə cəhdlərin şahidi oluruq. Hesab edirəm ki, xüsusilə sosial şəbəkələrdə həssas mövzular ətrafında cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edə biləcək çağırışlardan çəkinmək lazımdır. Təhsil məsələsi siyasi və ya dini qarşıdurma vasitəsinə çevrilməməlidir".

Sonda millət vəkili əlavə edib ki, Azərbaycanın dünyəvi dövlətçilik prinsipləri ilə vətəndaşların dini etiqad azadlığı bir-birinə zidd anlayışlar deyil və hər ikisi ölkə Konstitusiyasının, eləcə də cəmiyyətin əsas dəyərləridir. Məktəblərdə müəyyən edilmiş vahid qaydalara da məhz bu baxış bucağından yanaşılmalıdır.

Vumart və Güvən reklamı Vumart Güvən