Azərbaycan-Laos münasibətləri: Siyasi dialoqdan geniş əməkdaşlığa doğru

 12:26 15.10.2026     119

Azərbaycan ilə Laos Xalq Demokratik Respublikası arasında münasibətlər qarşılıqlı etimad, dostluq və əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı səsləndirdiyi fikirlər iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və gələcək əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu bir daha nümayiş etdirir.

Dövlət başçısının “Siyasi müstəvidə əlaqələr çox uğurla inkişaf edir” fikri Azərbaycan-Laos münasibətlərinin əsas istiqamətini aydın şəkildə ifadə edir. Otuz ildən artıq müddətdə davam edən diplomatik əlaqələr ölkələr arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə və ortaq maraqlara əsaslanan tərəfdaşlığın inkişafına şərait yaradıb. Parlamentlərarası münasibətlər, dostluq qruplarının fəaliyyəti və hakim partiyalar arasında əlaqələr də siyasi dialoqun davamlılığında mühüm rol oynayır.

İkitərəfli münasibətlərin gələcək inkişafında iqtisadi əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Mövcud ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi, yeni bazar imkanlarının araşdırılması və qarşılıqlı investisiyaların təşviqi hər iki ölkə üçün faydalı nəticələr verə bilər. Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu bu baxımdan mühüm platforma rolunu oynayacaq. Forumun sahibkarlar arasında birbaşa əlaqələrin qurulmasına, birgə layihələrin müzakirəsinə və yeni biznes imkanlarının müəyyənləşdirilməsinə töhfə verəcəyi gözlənilir. Energetika, dağ-mədən sənayesi, kənd təsərrüfatı və logistika kimi sahələrdə əməkdaşlığın inkişafı iqtisadi münasibətlərin daha geniş məzmun qazanmasına imkan yarada bilər.

Təhsil və humanitar əlaqələr də Azərbaycan-Laos münasibətlərinin mühüm istiqamətlərindən biridir. Ölkə başçısının çıxışında vaxtilə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil almasına diqqət çəkməsi bu sahədə mövcud tarixi əlaqələrin əhəmiyyətini göstərir. Əvvəlki təcrübədən yararlanaraq tələbə mübadiləsinin genişləndirilməsi, təqaüd proqramlarının yaradılması və ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədəuyğun olardı. Belə təşəbbüslər yalnız təhsil imkanlarını artırmaqla kifayətlənməyəcək, həm də xalqlarımız arasında mədəni yaxınlaşmaya və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcək.

Digər tərəfdən, mina problemi ilə mübarizə və nəqliyyat-logistika sahəsində əməkdaşlıq da qarşılıqlı təcrübə mübadiləsi baxımından perspektivli istiqamətlər hesab oluna bilər. Bu sahələrdə bilik və təcrübənin paylaşılması, müasir həllərin tətbiqi və əlaqələrin genişləndirilməsi iki ölkə arasında praktiki əməkdaşlığın inkişafına töhfə verə bilər.

Ümumilikdə, Azərbaycan ilə Laos arasında formalaşmış möhkəm siyasi dialoq iqtisadi, təhsil və humanitar sahələrdə tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Əsas məqsəd mövcud dostluq münasibətlərini konkret layihələr və qarşılıqlı fayda verən təşəbbüslərlə daha da möhkəmləndirməkdir. Laos Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəldilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və uzunmüddətli tərəfdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin gələcəkdə daha da dərinləşməsi Azərbaycan-Laos əməkdaşlığının davamlı inkişafına xidmət edəcək.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən