Rəşad Məmmədov Buxarada Azərbaycan və Özbəkistanı birləşdirən tarixi bağlardan danışdı - FOTO
Buxarada təşkil olunan “Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dr. Rəşad Məmmədovun iştirakı ilə tələbələr üçün Azərbaycan–Özbəkistan tarixi-mədəni əlaqələrinə həsr olunmuş seminar keçirilib.
Redaktor.az xəbər verir ki, seminarda çıxış edən səfir Dr. Rəşad Məmmədov Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən çoxəsrlik tarixi, mədəni və mənəvi bağlardan bəhs edərək, iki qardaş xalq arasında münasibətlərin ortaq tarixi köklərə, zəngin ədəbi-mədəni irsə və müştərək milli-mənəvi dəyərlərə əsaslandığını bildirib. Səfir Azərbaycan və Özbəkistanın görkəmli mütəfəkkirlərinin, şairlərinin və elm xadimlərinin yaratdıqları zəngin elmi-fəlsəfi və ədəbi irsin yalnız hər iki xalqın mədəni inkişafına deyil, bütövlükdə türk-islam dünyasının və Şərq sivilizasiyasının elmi-mədəni tərəqqisinə əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıb.
Dr. Rəşad Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin siyasi iradəsi və birgə səyləri nəticəsində iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini, qarşılıqlı dövlət səfərlərinin və imzalanmış mühüm sənədlərin müttəfiqlik və əbədi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. O, dövlətlərarası əlaqələrin sürətli inkişafının elm, təhsil, mədəniyyət və digər humanitar sahələrdə yeni əməkdaşlıq imkanları yaratdığını, xüsusilə gənclər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin xalqlarımızın ortaq gələcəyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Seminarda çıxış edən Bakı Dövlət Universitetinin Mədəni İrsin Araşdırılması Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, “İRS” beynəlxalq jurnalının müəllifi Musa Mərcanlı Azərbaycanın zəngin tarixi-mədəni irsinin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən fəaliyyətlərdən bəhs edib.
Musa Mərcanlı jurnalın özbək dilində ilk nömrəsinin nəşrini Azərbaycan–Özbəkistan mədəni-humanitar əməkdaşlığının inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirərək, bu təşəbbüsün Azərbaycan xalqının tarixi, mədəniyyəti, incəsənəti və milli-mənəvi irsi haqqında elmi və maarifləndirici məlumatların özbək oxucularına çatdırılmasına yeni imkanlar yaratdığını bildirib.
Tədbir Azərbaycan və Özbəkistanın çoxəsrlik tarixi-mədəni əlaqələrinin gənclər arasında daha geniş tanıdılması, tələbələrin ortaq mədəni irs haqqında biliklərinin zənginləşdirilməsi, eləcə də iki qardaş ölkə arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafının təşviqi baxımından əhəmiyyətli olub. İnteraktiv şəkildə keçən seminarda səfir tələbələrin suallarını cavablandırıb.





















