Füzulinin azadlığı və Böyük Qayıdışın təhlükəsiz gələcəyi...
17 oktyabr Azərbaycanın hərb tarixində və qəhrəmanlıq salnaməsində xüsusi yer tutan əlamətdar günlərdən biridir. Altı il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad edərək xalqımızın tarixinə şanlı səhifə yazdı. Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Füzulinin azad edilməsi ərazi bütövlüyümüzün bərpası yolunda mühüm tarixi hadisə olmaqla yanaşı, xalqımızın sarsılmaz iradəsinin, ordumuzun qəhrəmanlığının və Vətənə sonsuz məhəbbətinin parlaq təcəssümünə çevrildi.
Füzulinin azad olunması yalnız hərbi qələbə deyil, həm də xalqımızın doğma torpaqlarına qayıdışına aparan yolda atılmış mühüm tarixi addım idi. Uzun illər davam edən işğal nəticəsində şəhərin və ətraf yaşayış məntəqələrinin dağıdılması, tarixi və mədəni irs nümunələrinin məhv edilməsi bu ərazilərin üzləşdiyi faciənin miqyasını açıq şəkildə nümayiş etdirirdi. Lakin bütün çətinliklərə baxmayaraq, xalqımızın iradəsini qırmaq, onu doğma torpaqlarına bağlılığından uzaqlaşdırmaq mümkün olmadı. Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdacağına olan inamını qoruyub saxladı, dövlətimiz isə qətiyyətli siyasəti və ardıcıl fəaliyyəti ilə qarşıya qoyduğu tarixi məqsədlərə nail oldu.
Füzuli rayonu işğaldan azad edilmiş ərazilərimiz arasında mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsinin yüksək olduğu bölgələrdən biridir. Ərazidə mövcud olan mina təhlükəsi insanların həyat və sağlamlığı üçün ciddi risk yaratmaqla yanaşı, bərpa və quruculuq işlərinin həyata keçirilməsinə də ciddi maneələr törədir. Bu baxımdan, ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əldə olunmuş Zəfərin nəticələrinin möhkəmləndirilməsi, insanların təhlükəsizliyinin təmin edilməsi və azad edilmiş torpaqlarda dayanıqlı həyatın qurulması üçün mühüm əhəmiyyət daşıyır.
Hazırda Füzulidə genişmiqyaslı bərpa və quruculuq işləri davam etdirilir. Yeni yollar salınır, yaşayış məntəqələri yenidən qurulur, müasir sosial infrastruktur yaradılır. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların öz evlərinə qayıtması tarixi ədalətin bərpasının, milli həmrəyliyin və Azərbaycanın quruculuq əzminin bariz nümunəsidir. Bununla belə, Böyük Qayıdış prosesinin uğurla və davamlı şəkildə həyata keçirilməsi yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır. Bu proses, ilk növbədə, insanların həyat və sağlamlığının qorunmasını, təhlükəsiz yaşayış şəraitinin yaradılmasını tələb edir.
Füzulinin azadlığı qəhrəmanlığımızın, onun yenidən qurulması isə milli iradəmizin və gələcəyə inamımızın təcəssümüdür. Bu torpaqlarda təhlükəsiz həyatın təmin edilməsi, mina təhlükəsinin aradan qaldırılması və Böyük Qayıdışın uğurla davam etdirilməsi Zəfərimizin davamı və gələcək nəsillər qarşısında mühüm məsuliyyətimizdir.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini












