“Uğurun Dili” – gənclərin inkişafına, gələcəyinə və uğur yoluna dəyər qatan görüş - FOTO
Bu gün şəhərimizin seçilən məkanlarından biri olan Atelier 61 restoranında Yaban GROUP və Vumart Gross-un təşkilati dəstəyi ilə “Güvən” Təhsilin İnkişafına Dəstək Fondu və Karnegi Şəxsi İnkişaf Akademiyasının birgə layihəsi olan “Uğurun Dili” adlı maarifləndirici və motivasiyaedici tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirə doktor Nəcəf Allahverdiyev aparıcılıq edərək iştirakçılara dinamik, interaktiv və məzmunlu proqram təqdim edib.
Proqram çərçivəsində effektiv ünsiyyət, natiqlik sənəti, özünüifadə, bədən dili, səs tonunun düzgün istifadəsi, özünəinam və şəxsi təqdimat kimi gənclərin həm şəxsi, həm də peşəkar həyatında mühüm əhəmiyyət daşıyan mövzular ətrafında maraqlı müzakirələr aparılıb.
Tədbirin xüsusi məqamlarından biri “Güvən” Təhsilin İnkişafına Dəstək Fondunun həmtəsisçisi Rəşid Hüseynovun gənclərlə səmimi görüşü olub.
O, tələbələrlə öz ürək sözlərini bölüşərək onlara həyat və karyera yolunda uğur qazanmaq, qarşıya qoyulan məqsədlərə inamla irəliləmək, çətinliklər qarşısında ruhdan düşməmək və daim öz üzərində çalışmaqla bağlı tövsiyələrini çatdırıb.
Onun gənclərə ünvanlanan fikirləri uğurun yalnız bilik və imkanlardan deyil, eyni zamanda, zəhmətdən, məsuliyyətdən, düzgün qərarlardan və davamlı inkişaf istəyindən qaynaqlandığını bir daha vurğulayıb.
Tədbirin sonunda tələbələrə “Güvən” Təhsilin İnkişafına Dəstək Fondu tərəfindən hədiyyələr təqdim olunub. Bu diqqət və qayğı gənclərin inkişafına verilən dəyərin, onların gələcəyinə olan inamın və təhsilə göstərilən dəstəyin daha bir ifadəsi olub.
Yaban GROUP və Vumart Gross olaraq inanırıq ki, cəmiyyətin gələcəyi savadlı, təşəbbüskar, özünəinamlı və güclü dəyərlərə sahib gənclərin yetişməsindən başlayır. Gənclərə yaradılan hər bir inkişaf imkanı yalnız fərdi uğura deyil, bütövlükdə cəmiyyətin tərəqqisinə verilən töhfədir:
"İnanırıq ki, uğurun dili özünəinamdan, düzgün ünsiyyətdən, zəhmətdən və davamlı inkişafdan başlayır. Bu gün paylaşılan hər bir fikir, verilən hər bir tövsiyə və qazanılan hər bir yeni təcrübə gənclərin gələcək uğurlarına aparan yolda dəyərli bir addımdır.
Tədbirin təşkilində əməyi olan “Güvən” Təhsilin İnkişafına Dəstək Fonduna, Karnegi Şəxsi İnkişaf Akademiyasına, doktor Nəcəf Allahverdiyevə, Rəşid Hüseynova, Daşqın Şikarova, Fatimə xanım Quliyevaya, bütün tərəfdaşlarımıza və tədbirdə fəal iştirak edən tələbələrə təşəkkürümüzü bildiririk".





























