"Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşmişdir"
Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi ölkəmizin çoxtərəfli diplomatiya sahəsində əldə etdiyi nailiyyətlərin və beynəlxalq nüfuzunun bariz göstəricisidir.
Rəsmi Bakı siyasi və iqtisadi dialoqun genişləndirilməsi, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin möhkəmləndirilməsi, əməkdaşlıq platformalarının inkişafı və regional bağlantıların gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu təşəbbüslər Azərbaycanın AQEM çərçivəsində fəal rolunu gücləndirməklə yanaşı, təşkilatın müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin və nüfuzunun artmasına da mühüm töhfə verir.
Prezident cənab İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini, regional təhlükəsizliyin təmin olunmasına dair baxışlarını və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş səylərini aydın şəkildə əks etdirir.
Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən beynəlxalq səviyyədə ikili standartlarla üzləşib. Onun sözlərinə görə, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistanın işğalı altında olub. Bu dövrdə yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb, bir milyona yaxın azərbaycanlı isə öz tarixi torpaqlarını tərk etmək məcburiyyətində qalıb.
Bu hadisələr Azərbaycanın müasir tarixində dərin iz buraxıb. İşğal nəticəsində yaşayış məntəqələri dağıdılıb, infrastruktur yararsız hala düşüb, tarixi və mədəni irsə ciddi ziyan dəyib. Məcburi köçkünlər uzun illər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onların pozulmuş hüquqlarının bərpası və təhlükəsiz şəkildə öz yurdlarına qayıtması məsələsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyıb.
Ölkə başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri də beynəlxalq münasibətlərdə ikili standartlara münasibət olub. Beynəlxalq hüququn prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və insanların fundamental hüquqları siyasi maraqlardan asılı olmamalıdır. Bir münaqişəyə münasibətdə nümayiş etdirilən həssaslıq digər münaqişələr zamanı da qorunmalıdır.
AQEM kimi beynəlxalq platformalarda bu məsələlərin səsləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Belə platformalar dövlətlər arasında dialoqun inkişafına, qarşılıqlı anlaşmanın gücləndirilməsinə və münaqişələrin beynəlxalq hüquq əsasında həllinə töhfə verə bilər.
Prezident cənab İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolu, üzləşdiyi humanitar problemləri və beynəlxalq münasibətlərdə bərabərhüquqluluq prinsipinə verdiyi əhəmiyyəti əks etdirir. Ədalətli və davamlı sülhün təmin olunmasının əsas şərtləri beynəlxalq hüququn bütün dövlətlərə bərabər şəkildə tətbiq edilməsi, insan hüquqlarına hörmətin qorunması və regionda qarşılıqlı etimadın möhkəmləndirilməsidir.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini












