Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün OLACAQ
Azərbaycanda POS-terminal anlayışı genişləndirilir, mobil telefonların da ödənişlərin qəbulu üçün istifadə olunan avadanlıq kimi qanunda nəzərdə tutulması təklif edilir.
Redaktor.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
“Elektron ticarət haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, POS-terminal anlayışı nağdsız, o cümlədən təmassız ödənişlərin aparılması və ya nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulan avadanlıqları əhatə edəcək. Buraya lazımi proqram təminatı ilə təchiz edilmiş mobil telefonlar və digər son avadanlıqlar da daxil ediləcək.
Layihədə elektron ticarət çərçivəsində malların, işlərin və xidmətlərin dəyərinin nağdsız ödənilməsinin ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Satıcı alıcılara ödəniş üsulları, o cümlədən POS-terminal, elektron pul kisəsi və digər vasitələrlə nağdsız ödəniş imkanları barədə məlumat verməli olacaq.
Dəyişikliklə qanuna “texnoloji neytrallıq” anlayışı və müvafiq prinsip də əlavə edilir. Bu prinsip elektron ticarətin tənzimlənməsində hər hansı texnologiyanın üstün tutulmamasını, onun tətbiqinə məhdudiyyət qoyulmamasını və müxtəlif texnoloji həllərin bərabər qəbul olunmasını nəzərdə tutur.
Bundan başqa, qanunun yalnız Azərbaycan ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan məhdudiyyət aradan qaldırılır.
Layihəyə əsasən, qanunda nəzərdə tutulan məlumatların müqavilə bağlananadək alıcıya çatdırılması elektron sənəd formasında təsdiqlənmə vasitəsilə həyata keçiriləcək.












