20 oktyabr 2020-ci il - Zəngilan rayonu işğaldan azad edilmişdir...
20 oktyabr Azərbaycan tarixində qürur və Zəfər günü kimi xüsusi əhəmiyyət daşıyır. 2020-ci ilin 20 oktyabr günündə Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun bir sıra kəndlərini Ermənistanın işğalından azad etdi. Bu hadisə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin mühüm mərhələlərindən biri oldu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur.
Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da işğal edilmişdi. İşğal nəticəsində rayonun sakinləri doğma yurdlarını tərk etməyə məcbur olmuş, yaşayış evləri, məktəblər, mədəniyyət abidələri və digər obyektlər dağıntılara məruz qalmışdı. Uzun illər doğma torpaqlarından uzaqda yaşayan zəngilanlıların ən böyük arzusu öz evlərinə qayıtmaq idi. Bu arzu 2020-ci ildə başlayan Vətən müharibəsi ilə gerçəkləşməyə başladı.
Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbçilərimizin şücaəti və xalqımızın birliyi nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də işğaldan azad edildi. Həmin gün rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndlərinin azad olunması da elan edildi. Sonrakı hərbi əməliyyatlar nəticəsində rayonun digər yaşayış məntəqələri də azadlığına qovuşdu. Bu Qələbə Zəngilanın gələcək inkişafı və yenidən qurulması üçün yeni imkanlar yaratdı.
Bu gün Zəngilan rayonu genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı bölgələrdən biridir. Ərazidə yeni yollar salınır, körpülər tikilir, mühəndis-kommunikasiya xətləri yenilənir və müasir yaşayış məntəqələri yaradılır. Dağıdılmış infrastrukturun bərpası ilə yanaşı, əhalinin rahat yaşayışı üçün zəruri şəraitin qurulmasına da xüsusi diqqət yetirilir. Məktəblər, sosial obyektlər və digər ictimai infrastruktur sahələri yenidən qurulur.
Zəngilanın inkişafında nəqliyyat layihələri də mühüm rol oynayır. 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı rayonun həyatında əlamətdar hadisə oldu. Bu hava limanı bölgənin nəqliyyat imkanlarını genişləndirir, iqtisadi əlaqələrin inkişafına və gələcək investisiya imkanlarının artmasına şərait yaradır. Həyata keçirilən layihələr Zəngilanın ölkənin iqtisadi və sosial həyatında daha mühüm yer tutmasına xidmət edir.
Rayonda aparılan quruculuq işlərinin əsas istiqamətlərindən biri də müasir yaşayış mühitinin yaradılmasıdır. Bu baxımdan Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi xüsusi əhəmiyyət daşıyır. Kənddə müasir evlər, məktəb, uşaq bağçası, tibb məntəqəsi və digər zəruri obyektlər inşa edilib. Müasir texnologiyaların tətbiqi, rahat yaşayış şəraitinin yaradılması və infrastrukturun yenilənməsi Ağalını azad edilmiş ərazilərdə bərpa işlərinin nümunəvi layihələrindən birinə çevirib.
Zəngilanın yenidən qurulması Böyük Qayıdış proqramı ilə sıx bağlıdır. Bu proqramın əsas məqsədi keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və layiqli şəkildə qayıtmasını təmin etməkdir. 2022-ci ilin iyul ayında Ağalı kəndinə ilk sakinlərin qayıdışı başlandı. Uzun illər doğma yurd həsrəti ilə yaşayan ailələrin öz evlərinə dönməsi bölgədə yeni həyatın başlanğıcı oldu. Sonrakı mərhələlərdə Zəngilanın digər yaşayış məntəqələrində də bərpa və məskunlaşma işləri davam etdirildi.
Böyük Qayıdış yalnız insanların doğma evlərinə qayıtması deyil. Bu, kəndlərin və şəhərlərin yenidən canlanması, yeni iş yerlərinin açılması, təhsil və səhiyyə xidmətlərinin inkişafı, sosial həyatın bərpası deməkdir. Məqsəd sakinlərin öz torpaqlarında rahat yaşaması, işləməsi və gələcək nəsillərini burada böyütməsi üçün əlverişli şərait yaratmaqdır.
20 oktyabr Zəngilanın azadlıq tarixini, xalqımızın iradəsini və Azərbaycan əsgərinin qəhrəmanlığını özündə birləşdirən əlamətdar gündür. Bu gün torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin və Vətən müdafiəçilərimizin fədakarlığını minnətdarlıqla xatırlayırıq.
Bu gün Zəngilanda aparılan quruculuq işləri, doğma yurda qayıdan ailələr və yenidən canlanan yaşayış məntəqələri tarixi Qələbəmizin davamıdır. Bir vaxtlar həsrət və nisgil yaşayan bu torpaqlarda indi yeni evlər tikilir, yollar salınır və gələcəyə inamla addımlayan yeni həyat qurulur.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini












