Bu yolda hərəkət məhdudlaşdırıldı - Sürücülərin NƏZƏRİNƏ!
Hazırda Quba–Bakı avtomobil yolunun Ekoloji Nəzarət Stasionar Postundan Sulutəpə istiqamətində olan hissəsində aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılır.
Baş Dövlət Yol Polisi İdarəsindən Redaktor.az-a verilən məlumata görə, bununla əlaqədar qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Yolun günün sonunadək bağlı olacağı nəzərdə tutulur.
Sürücülərdən alternativ olaraq Xocəsən dairəsindən Sulutəpə istiqamətində hərəkət etmələri, müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.
Ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat axınının nizamlanması üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.












