Zəfərin yaratdığı yeni reallıqlar və inkişaf perspektivləri...
Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən 25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın yaddaşında qürur, sevinc və tarixi ədalətin təntənəsi kimi yaşayır. Bu əlamətdar tarix şəhərin işğaldan azad olunmasını, milli iradənin gücünü və doğma torpaqlara qayıdış arzusunun gerçəkləşməsini təcəssüm etdirir. Qubadlının azadlığı yalnız hərbi Zəfərin deyil, həm də bölgədə yeni inkişaf mərhələsinin başlanğıcıdır.
Qubadlı rayonu Azərbaycanın zəngin tarixi, mədəni irsi və füsunkar təbiəti ilə seçilən qədim yaşayış məskənlərindən biridir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayon uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində nisgilə çevrildi. İşğal nəticəsində yaşayış məntəqələri dağıntılara məruz qaldı, tarixi-mədəni irsə ciddi ziyan dəydi, minlərlə insan doğma ev-eşiyindən didərgin düşdü. Buna baxmayaraq, qubadlılılar torpaqlarına qayıtmaq ümidini və doğma yurda bağlılıqlarını heç vaxt itirmədilər.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni bir mərhələnin əsasını qoydu. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin rəşadəti, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər ərazi bütövlüyümüzün bərpasına yol açdı. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi bu Zəfərin mühüm hadisələrindən biri kimi tarixə düşdü. Bu hadisə doğma yurda qayıdış ümidlərini gerçəkləşdirməklə yanaşı, xalqımızın milli qürurunu və gələcəyə inamını daha da gücləndirdi.
Qubadlının azadlığı ilə qarşıda yeni vəzifələr müəyyənləşdi. İllər ərzində dağıntılara məruz qalmış şəhərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və əhalinin doğma torpaqlara qayıdışı üçün zəruri şəraitin formalaşdırılması əsas prioritetlərdən birinə çevrildi. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarını və uzunmüddətli inkişaf strategiyasını əks etdirir. Qubadlıda yol-nəqliyyat şəbəkəsinin, elektrik enerjisi və su təchizatı sistemlərinin, eləcə də digər kommunal infrastrukturun qurulması şəhərin gələcək inkişafı üçün mühüm zəmin yaradır.
Şəhərin dirçəlişində Böyük Qayıdış prosesi xüsusi əhəmiyyət daşıyır. Çünki doğma yurda qayıdış yalnız yaşayış evlərinin və yolların bərpası ilə məhdudlaşmır. Əsl dirçəliş insanların öz evlərində rahat yaşaması, uşaqların məktəblərə qayıtması, mədəniyyət ocaqlarının fəaliyyət göstərməsi və ictimai həyatın yenidən canlanması ilə tamamlanır. Bu baxımdan əhalinin məskunlaşması üçün zəruri şəraitin yaradılması, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi, məşğulluq imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Qubadlı şəhəri günü tarixi Zəfərin, milli birliyin və doğma yurda qayıdışın rəmzidir. Bu əlamətdar tarix qazanılmış qələbəni xatırlatmaqla yanaşı, qarşıda duran quruculuq və inkişaf vəzifələrini də gündəmə gətirir
Qubadlının gələcəyi müasir infrastrukturun yaradılması, iqtisadi imkanların genişləndirilməsi, sosial rifahın yüksəldilməsi və milli-mənəvi dəyərlərin qorunması ilə sıx bağlıdır.
Bu gün Qubadlı işğalın ağır izlərini geridə qoyaraq yenilənmə və tərəqqi yolunda irəliləyir. Burada həyata keçirilən bərpa tədbirləri və Böyük Qayıdış istiqamətində görülən işlər şəhərin gələcək inkişafı üçün möhkəm təməl yaradır. Əminliklə demək olar ki, Qubadlının yeni inkişaf mərhələsi quruculuğun, əzmkarlığın və Vətənə bağlılığın parlaq nümunəsinə çevriləcək.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri












