Prezidentin işdən çıxardığı rəis kimdir? - DOSYE
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədliyyə sistemində kadr dəyişikliyi ilə bağlı yeni Sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, Sərəncama əsasən, Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad olunub.
Mirsaleh Seyidov 23 sentyabr 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirib.
Əmək fəaliyyətinə 1999-cu ilin yanvarında Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində başlayan M.Seyidov peşəkar karyerası ərzində Penitensiar xidmət sistemində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb:
-
1999–2006-cı illər: Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində inspektor, daha sonra 3 saylı İstintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi;
-
2006–2009-cu illər: Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasının tərbiyə işləri, daha sonra əməliyyat-rejim işləri üzrə rəis müavini;
-
2009–2016-cı illər: 15 saylı və 10 saylı cəzaçəkmə müəssisələrinin rəisi;
-
2016–2023-cü illər: Penitensiar xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi.
Mirsaleh Seyidov Prezident İlham Əliyevin 10 iyul 2023-cü il tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmuşdu. O, 21 noyabr 2023-cü ildə dövlət başçısının digər sərəncamı ilə "ədliyyə general-mayoru" ali xüsusi rütbəsinə layiq görülüb.
Xidməti dövründə 2018-ci ildə "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" yubiley medalı və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilən M.Seyidov ailəlidir, 2 övladı var.
Aminə ŞAHSUVARQIZI












