Slovakiya səfirliyinin müşaviri Vladimir Jezek Veteranlar Təşkilatında görüş keçirdi - FOTO
Slovakiya Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Vladimir Jezek Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat səfri polkovnik Cəlil Xəlilovla görüşüb.
Redaktor.az xəbər verir ki, görüşdə Slovakiya səfirliyinin hərbi atteşesi polkovnik Juraj Beskid, İkinci Dünya müharibəsində iştirak edən bəzi azərbaycanlılar və onların ailə üzvləri, yaxın qohumları iştirak edib.
Görüş zamanı Azərbaycan və Slovakiya xalqlarının faşizmə qarşı apardıqları birgə mübarizədən, bu mübarizənin ümumbəşəri əhəmiyyətindən bəhs edilib. Həmçinin, İkinci Dünya müharibəsində Slovakiyada faşizmə qarşı mübarizədə iştirak edən azərbaycanlıların məzarlarının tapılması, onlar haqqında məlumatların əldə edilməsi və həmin döyüşçülərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, iki ölkənin müharibə veteranları təşkilatları arasında ikitərəfli münasibətlərin yaradılması, qarşılıqlı səfərlərin təşkili müzakirə edilib.
Tədbirin sonunda Slovakiya səfirliyinin müşaviri bəzi veteranları və onların yaxınlarını təltif edib.
Xatırladaq ki, Azərbaycanla Slovakiya arasında strateji əməkdaşlıq əlaqələri mövcuddur və bu əməkdaşlıq veteran təşkilatları arasında əlaqələrin genişlənməsini zəruri edir.












