“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

 16:52 27.10.2026     88

Son günlər bəzi media resurslarında “Crystal Group of Companies” ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub.

Redaktor.az xəbər verir ki, “Crystal Group of Companies” ASC yayılan iddiaları təkzib edərək məsələ ilə bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, “Crystal Group of Companies” ASC-nin dövlət büdcəsinə heç bir vergi borcu yoxdur. Şirkətimiz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirir, üzərinə düşən bütün vergi və maliyyə öhdəliklərini vaxtında və tam şəkildə icra edir.

Təəssüf ki, bəzi media resurslarında ayrı-ayrı hüquqi şəxslər əsassız olaraq şirkətimizlə eyniləşdirilir və həmin subyektlərə aid olduğu bildirilən vergi borcları heç bir hüquqi əsas olmadan “Crystal Group of Companies” ASC-nin adına çıxarılır.

Diqqətə çatdırırıq ki, təxminən 498 min manat vergi borcunun olduğu göstərilən “CRYSTAL PLATES” MMC “Crystal Group of Companies” ASC-nin tərkibində fəaliyyət göstərmir və şirkətlər qrupumuza daxil deyil. Sözügedən hüquqi şəxsin vergi öhdəliklərinin şirkətimizlə əlaqələndirilməsi üçün heç bir əsas yoxdur.

Ayrı-ayrı hüquqi şəxslərin yalnız adlarındakı oxşarlığa görə eyniləşdirilməsi, onların maliyyə və vergi öhdəliklərinin başqa bir şirkətə aid edilməsi faktların təhrif olunmasına və ictimaiyyətin yanlış məlumatlandırılmasına səbəb olur. Bu cür yanaşmanı qəbuledilməz hesab edirik”, – deyə açıqlamada vurğulanır.

Açıqlamada qeyd edilir ki, “Crystal Group of Companies” ASC-nin vergi öhdəlikləri barədə məlumatların doğruluğunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq rəsmi informasiya resursları vasitəsilə yoxlamaq mümkündür.

Şirkət media nümayəndələrini peşə etikası prinsiplərinə riayət etməyə, məlumatları dərc etməzdən əvvəl onların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, ayrı-ayrı hüquqi şəxslərin fəaliyyətini və öhdəliklərini bir-birindən fərqləndirməyə, ictimaiyyətə obyektiv və dəqiqləşdirilmiş informasiyalar təqdim etməyə çağırıb;

“Crystal Group of Companies” ASC-nin işgüzar nüfuzuna xələl gətirən, ictimai rəydə yanlış təsəvvür formalaşdıran və həqiqətə uyğun olmayan məlumatların yayılmasını qətiyyən qəbuledilməz hesab edirik.

Həqiqətə uyğun olmayan məlumatların yayılmasına qarşı qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadə etməkdə qətiyyətliyik.

Eyni zamanda, şirkətimizin işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan və ictimaiyyətdə yanlış təsəvvür formalaşdıran məlumatları yayan media resursları ilə bağlı müvafiq hüquqi tədbirlərin görülməsi məqsədilə yaxın günlərdə məhkəməyə müraciət olunacaqdır.

Bir daha bəyan edirik ki, “Crystal Group of Companies” ASC öz fəaliyyətində qanunvericiliyin aliliyini, şəffaflığı və ictimaiyyətin düzgün məlumatlandırılmasını əsas prinsiplər hesab edir. Şirkətimiz əsassız iddiaların və yanlış məlumatların yayılmasına qarşı qanunvericilik çərçivəsində bütün zəruri addımların atılmasında qətiyyətlidir”, – deyə açıqlamada vurğulanıb.

Vumart və Güvən reklamı Vumart Güvən