Məmurlara QADAĞA: Artıq bunları edə BİLMƏYƏCƏKLƏR

 13:57 28.10.2026     215

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində öz əksini tapıb.

Sənəddə bildirilib ki, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları naminə və xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməyəcəklər.

Bundan əlavə, qanun layihəsinə əsasən, vəzifəli şəxslərin reklamla məşğul olması, eləcə də şəxsi maraq və ya hər hansı haqq müqabilində sahibkarın, onun istehsal və ya idxal etdiyi malın, gördüyü işin və göstərdiyi xidmətin lehinə münasibət bildirməsi yolverilməz hesab ediləcək.

Layihədə o da vurğulanıb ki, vəzifəli şəxs xidməti vəzifələrinin icrasının qanunsuz maddi və qeyri-maddi nemət, imtiyaz və ya güzəşt əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

Sənədə görə, qanunla müəyyən olunmuş hallarda şəxslərə ödənişsiz əsaslarla xidmət göstərən vəzifəli şəxslər həmin xidmətə görə hər hansı ödəniş tələb edə bilməz.

Həmçinin, vəzifəli şəxs tərəfindən dövlət rüsumları və ya xidmət haqlarının (ödənişlərin) qanunla müəyyən edilmiş məbləğindən artıq rüsum və ya ödəniş tələb edilə bilməz.

Vumart və Güvən reklamı Vumart Güvən