"Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq"

 09:21 29.10.2026     134

2026-cı il oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident cənab İlham Əliyev beynəlxalq siyasətin mühüm məsələlərinə toxunub. Dövlət başçısının çıxışında xüsusi diqqət çəkən məqamlardan biri ikili standartlara qarşı mübarizə ilə bağlı səsləndirdiyi fikirlər olub.

Prezident cənab İlham Əliyev bildirib: “Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq”.

Bu fikir Azərbaycanın beynəlxalq münasibətlərdə ədalətə, beynəlxalq hüquqa və dövlətlərin bərabərliyinə verdiyi əhəmiyyətin ifadəsi kimi diqqət çəkir. Çünki dünya siyasətində qəbul edilən qərarlar bütün dövlətlərə eyni prinsiplərlə tətbiq edilməlidir. Beynəlxalq hüquqa münasibətdə fərqli yanaşmalar isə dövlətlər arasında etimadı zəiflədir və mövcud problemlərin həllini çətinləşdirir.

Azərbaycan uzun illər ərzində ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə beynəlxalq hüququn norma və prinsiplərinə istinad edib. Ölkə başçısı müxtəlif beynəlxalq platformalarda çıxışları zamanı ədalətli yanaşmanın və qəbul olunmuş qərarların icrasının vacibliyini dəfələrlə vurğulayıb.

Xüsusilə, Azərbaycanın ərazilərinin işğalı dövründə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin uzun müddət icra olunmaması beynəlxalq münasibətlərdə ikili standartlar məsələsini gündəmə gətirən nümunələrdən biri olub. Bu baxımdan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsi, beynəlxalq hüququn tələblərinin ardıcıl şəkildə yerinə yetirilməsi mühüm əhəmiyyət daşıyır.

İkili standartlara qarşı mübarizə yalnız ayrı-ayrı dövlətlərin maraqları ilə məhdudlaşmır. Bu məsələ bütövlükdə beynəlxalq sistemin etibarlılığı ilə bağlıdır. Eyni hadisəyə müxtəlif ölkələrə münasibətdə fərqli qiymət verilməsi ədalət prinsipinə olan inamı sarsıdır. Buna görə də beynəlxalq təşkilatların qərarları siyasi maraqlardan asılı olmayaraq, vahid meyarlar əsasında qiymətləndirilməli və həyata keçirilməlidir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas mövzusu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq fərqli mədəniyyətlərə, dinlərə və xalqlara mənsub insanlar arasında anlaşmanın gücləndirilməsi üçün vacib vasitələrdir. Lakin davamlı dialoq üçün yalnız çağırışlar kifayət etmir. Ədalətə, bərabərliyə və qarşılıqlı etimada əsaslanan münasibətlər də zəruridir.

Prezident cənab İlham Əliyevin səsləndirdiyi fikir Azərbaycanın beynəlxalq siyasətdə prinsipial mövqeyini bir daha gündəmə gətirir. İkili standartların

aradan qaldırılması, beynəlxalq hüquqa hörmət və bütün dövlətlərə bərabər yanaşma daha sabit və təhlükəsiz dünyanın formalaşması üçün mühüm şərtlərdir.

Ədalətli dünya nizamı yalnız o zaman mümkündür ki, beynəlxalq hüquq hamı üçün eyni şəkildə tətbiq olunsun. Dövlətlər arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsi və ikili standartlardan uzaq siyasətin həyata keçirilməsi gələcək nəsillər üçün daha təhlükəsiz dünyanın qurulmasına xidmət edir.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən