Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib - FOTO

 14:34 31.10.2026     83

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikasının 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin və Səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Hyatt Regency Tashkent” hotelində keçirilən rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, diasporunun üzvləri, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, doktor Rəşad Məmmədov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib. Səfir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birlik, əzm və qətiyyətinin təntənəsinə çevrilib. Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət və fədakarlıq nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edilmiş, 2020-ci il noyabrın 8-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin azad olunması ilə tarixi Zəfər qazanılmışdır.

Diplomat vurğulayıb ki, 8 Noyabr Zəfəri Azərbaycan xalqının milli yaddaşına əbədi həkk olunmuş, ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin əsasını qoymuşdur.

Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş təntənəli bədii proqram təqdim edilib. Konsert proqramında Azərbaycan Dövlət “Qaya” Ansamblı, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” Rəqs Ansamblı, “Xarıbülbül” Teatr Truppasının solistləri, eləcə də Özbəkistan və Qaraqalpaqıstanın Xalq artisti, Qazaxıstan və Türkmənistanın Əməkdar artisti Yulduz Usmanova çıxış ediblər. Sənətçilərin təqdim etdikləri musiqi və rəqs nömrələri konsert proqramına xüsusi rəng qatıb, qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Konsert proqramının diqqətçəkən məqamlarından biri Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” rəqs ansamblı tərəfindən Azərbaycanın qədim yurdu Zəngəzurun zəngin folklor ənənələrini yaşadan “Zəngəzur yallısı” rəqsinin təqdimatı olub. Azərbaycan xalqının qədim milli rəqs ənənələrini, birlik və həmrəylik ruhunu özündə əks etdirən bu rəqs kompozisiyası özünəməxsus ritmi və dinamik ifası ilə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bədii gecə Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, milli incəsənət nümunələrinin təbliği və xalqlarımız arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

22222222222222222
Vumart və Güvən reklamı Vumart Güvən