"Ceyranbatan gölündən meyit tapıldı" xəbərinə RƏSMİ TƏKZİB
Bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan "Ceyranbatan gölündən meyit tapıldı" məzmunlu məlumatların həqiqəti əks etdirmədiyi və ictimaiyyətə yanlış təqdim olunduğu üzə çıxıb.
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatı Xidmətinin Mətbuat xidməti rəsmi bəyanat yayaraq dezinformasiyaları təkzib edib.
Qurumdan bildirilib ki, hadisə göldə deyil, idarənin inzibati binasında baş verib:
"Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Ramazanov Mahir Tofiq oğlu iş otağında qəfil dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları və təcili tibbi yardım briqadasının əməkdaşları dərhal idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə, M.Ramazanov ürəktutmasından vəfat edib".
Mətbuat xidməti media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək, qurumla bağlı hər hansı informasiyanı dəqiqləşdirmədən yaymamağı xahiş edib.













