“Meydan TV-də işçilərə mobbinq və zorbalıq edirlər” - Həbsdəki jurnalistlər bəyanat yaydı
Meydan TV-nin həbsdə olan üç əməkdaşı telekanalın Berlindəki rəhbərliyinə qarşı sərt bəyanat yayıb.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Əfqan Muxtarlı sosial şəbəkə hesabında paylaşım edib.
Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Umudova tərəfindən hazırlanan bəyanatda Meydan TV-nin hazırda pis idarəçilik altında olduğu qeyd olunub:
“Yaradıcı azadlığın qamçılandığı, işçiləri psixoloji təzyiq altında saxlayan media bu gün dəyərli əməkdaşlarını, TV-nin əsas işçi heyətini itirməklə üzləşib. Redaksiyada bu şərtlərə boyun əyməyib baş qaldıran işçilər ard-arda istefa verməyə məcbur buraxılır.
...Menecer kimi işə başlayan Matt Kasper gedişatda özünü direktor və tək söz sahibi elan edib. Bu şəxs baş ofisi Berlində yerləşən Meydan TV-ni qeyri-demokratik və qeyri-şəffaf formada idarə edir. Peşəsi sorğulamaq olan, azad ruhlu, kimsənin diktəsi ilə hərəkət etməyən jurnalistlər üzərində iyerarxiya qurub aldığı qərarları qeyri-şərtsiz qəbul etdirməyə çalışır. Onun ən böyük dəstəkçisi, baş redaktor vəzifəsini müvəqqəti icra edən Sevda Səmədova işçilərə mobbinq və zorbalıq edir. Yaradıcı mühiti onlar üçün dözülməz hala gətirir. S. Səmədova “işçi haqları tanımıram” deyə bəyan edərək daxili strukturun demokratiyanın əsas sütunu olan seçki yolu ilə formalaşmasını qəbul etmir”.
Bəyanatda vurğulanıb ki, jurnalistlərin həbsdə olduqları 23 ay ərzində müdafiə kampaniyası qurulmayıb, rəhbərliyə ünvanladıqları suallar cavabsız qalıb, hesabatlılıq təmin olunmayıb:
“Həbsxanadan yazdığımız məqalələrin dərci süni şəkildə gecikdirildi, məhkəməmiz əhatəli formada işıqlandırılmadı. Bunlara etiraz edərkən “Nəyi, necə, nə vaxt etmək lazım olduğunu biz bilirik” cavabını aldıq. “Hər kəsin meydanı, alternativ media olacağıq” şüarları ilə yaradılan TV səhifələri məhdud mövzular və Azərbaycan cəmiyyətinə xitab etməyən xarici kontentlə doldurulur. Biz bu cür fəaliyyət göstərən kanalımızın hazırkı rəhbərliyini qəbul etmirik. Meydan TV-də demokratik mühit bərqərar olana, adıçəkilən şəxslər vəzifədən uzaqlaşdırılana qədər onların yanında duruş gətirmədiyimizi bəyan edirik”.













