"Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq"

 14:20 03.11.2026     182

8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın yaddaşında xüsusi yer tutur. Bu gün təkcə bir şəhərin azad olunmasını deyil, həm də uzun illər davam edən həsrətin sona çatmasını, doğma yurda qayıdışımızı və tarixi ədalətin bərpasını ifadə edir.

Şuşa Azərbaycan xalqının qədim tarixini, zəngin mədəniyyətini və milli ruhunu özündə yaşadan şəhərdir. Qarabağın dilbər guşəsində yerləşən bu şəhər 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salınıb. Qısa müddətdə mühüm mədəniyyət və sənət mərkəzinə çevrilən Şuşa Azərbaycan musiqisinin, ədəbiyyatının və incəsənətinin inkişafına böyük töhfələr verib. Məhz buna görə də Şuşanı haqlı olaraq Azərbaycanın mədəniyyət beşiyi adlandırırıq.

1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da şəhərimizdə həyat dayandı, yüzlərlə tarixi abidə, məscid, muzey və mədəniyyət ocağı dağıdıldı və ya ciddi zərər gördü. Şuşa sakinləri doğma evlərindən didərgin düşdülər. Minlərlə insanın qəlbində illərlə davam edən ayrılıq və həsrət başladı.

Lakin xalqımız Şuşanı heç vaxt unutmadı. Biz inanırdıq ki, bir gün doğma şəhərimizə qayıdacağıq. Bu inam illər boyu qəlbimizdə yaşadı və bizi bir amal ətrafında birləşdirdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın taleyində yeni bir səhifə açdı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı. 44 gün davam edən müharibə zamanı böyük qəhrəmanlıq və şücaət göstərən əsgər və zabitlərimiz tarixi Zəfərə imza atdılar.

Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin ən mühüm hadisələrindən biri oldu. Şuşanın azadlığı Azərbaycanın tarixi Qələbəsini təmin edən əsas amillərdən biri idi. Bu xəbər bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Uzun illərdən sonra üçrəngli bayrağımız doğma Şuşamızda dalğalandı.

Prezident cənab İlham Əliyevin 2022-ci il 31 iyul tarixli Sərəncamı ilə 8 noyabr Şuşa Şəhəri Günü elan edildi. Bu qərar Şuşanın azad edilməsinin tarixi əhəmiyyətini bir daha təsdiqlədi.

Azadlıqdan sonra Şuşada geniş bərpa və quruculuq işlərinə başlanıldı. Şəhərin yolları, tarixi abidələri, yaşayış və ictimai binaları yenidən quruldu. Mədəniyyət ocaqları bərpa edildi, yeni infrastruktur yaradıldı. Vaqif Poeziya Günləri və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı yenidən Şuşada keçirilməyə başladı. Şəhər əvvəlki şöhrətinə qovuşmaqla yanaşı, beynəlxalq tədbirlərin və mədəni görüşlərin ünvanına çevrildi.

2021-ci ildə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. 2023-cü ildə isə şəhər Türk Dünyasının Mədəniyyət Paytaxtı oldu. 2024-cü ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı statusu bir daha təsdiqləndi. Həmin il Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi də şəhərin beynəlxalq nüfuzunun artdığını göstərdi.

Bu gün Şuşada həyat yenidən canlanır. Uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlər öz evlərinə qayıdırlar. Yeni yaşayış binaları tikilir, məktəblər, sosial obyektlər və xidmət sahələri fəaliyyət göstərir. Şuşa şəhərinin Baş planına uyğun olaraq quruculuq işləri davam etdirilir. Məqsəd şəhəri tarixi görkəmini qorumaqla müasir və rahat yaşayış məkanına çevirməkdir.

Şuşaya qayıdış yalnız fiziki qayıdış deyil. Bu, xalqımızın milli qürurunun, birliyinin və iradəsinin təntənəsidir. Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu gün onun küçələrində yenidən həyat var, musiqi səslənir, uşaqların səsi eşidilir.

8 Noyabr – Şuşa Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur və sevinc günüdür. Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.

Doğma Şuşamızın hər zaman abad, gözəl və firavan olmasını arzulayırıq. Qoy Xarıbülbülün vətəni olan Şuşadan daim musiqi, sevinc və qələbə səsləri gəlsin!

Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən