Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından Zəfər Günü ilə bağlı BƏYANAT

 16:20 04.11.2026     79

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 8 Noyabr zəfərinin 6-cı ildönümü ilə bağlı Bəyanat yayıb.

Bəyanatda deyilir:

“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hərb tariximizin ən böyük qələbəsi olan 8 Noyabr zəfərinin 6-cı ildönümü münasibətilə bu zəfərin baş memarı  - Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Azərbaycan Silahlı Qüvvələrini və  xalqımızı təbrik edir, şəhidlərimizə və veteranlarımıza sonsuz ehtiramını ifadə edir. Erməni işğalına son qoyan, ərazi bütövlüyümüzü təmin edən, bütün regiona sülh və sabitlik gətirən bu qələbə xalqımızın yenilməzliyini, qələbə əzmini, vətənə olan sonsuz sevgisini bir kəs daha nümayiş etdirdi. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan xalqı yenilməzdir və o, öz dahi lideri, Prezident İlham Əliyevin rəhbərliyi altında istənilən təhlükəni dəf etməyə, istənilən zəfərə imza atmağa qadirdir.

Artıq 6 ildir ki, Azərbaycan dövləti tarixi zəfərdən irəli gələn vəzifələri əzmlə icra etməkdədir. İşğaldan azad edilmiş ərazilərin mina və digər döyüş sursatlarından təmizlənməsi, yaşayış məntəqələrinin demək olar ki, yenidən inşası, keçmiş məcburi köçkünlərin öz tarixi yurdlarına qayıdışının təmin edilməsi bu fəaliyyətin əsasını təşkil edir. Bu gün işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri bütün dünyada böyük heyranlıqla izlənməkdə, xalqımızın sülh və tərəqqi arzusunun real əks-sədasına çevrilməkdədir. Bütün bu fəaliyyətin kökündə isə 8 Noyabr zəfəri – bu zəfərin özü ilə gətirdiyi çoxsaylı üstünlüklər və perspektivlər dayanır.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bəyan edirik ki, hər zaman olduğu kimi bundan sonra da 8 Noyabr zəfərinin hərbi-siyasi, tarixi-mənəvi əhəmiyyətinin təbliğində, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə - vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edəcək, Prezidentimizin hər bir çağırışını qətiyyətlə dəstəkləyəcəyik.

Bir daha Prezidentimizi və xalqımızı Zəfər Günü münasibətilə təbrik edir, dövlətimizə və ordumuza uğurlar arzulayırıq”.

Polkovnik Cəlil Xəlilov,

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Vumart və Güvən reklamı Vumart Güvən