Qalib xalqın qürur günü...

 16:35 04.11.2026     164

Hər bir xalqın tarixində onun milli yaddaşına əbədi həkk olunan, dövlətçilik salnaməsində xüsusi yer tutan əlamətdar hadisələr mövcuddur. Azərbaycan xalqının müasir tarixində belə mühüm hadisələrdən biri də 8 Noyabr – Zəfər Günüdür. Bu əlamətdar tarix xalqımızın milli həmrəyliyinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin və Vətənə bağlılığının təntənəsi olmaqla yanaşı, müstəqil Azərbaycan dövlətinin tarixində yeni mərhələnin başlanğıcını ifadə edir.

Vətən müharibəsində əldə edilən tarixi Qələbə Azərbaycanın hərbi qüdrətinin, iqtisadi potensialının, milli birliyinin və müstəqil dövlət siyasətinin məntiqi nəticəsi oldu. Bu Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ olmaqla, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun və siyasi mövqeyinin möhkəmlənməsinə də əhəmiyyətli töhfə verdi.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası və onun rəhbərliyi dövründə əsası qoyulan ordu quruculuğu siyasəti Azərbaycanın hərbi potensialının formalaşmasında müstəsna rol oynayıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun güclü ordularından birinə çevrilib. Vətən müharibəsində qazanılan Qələbə uzun illər ərzində həyata keçirilən hərbi islahatların, müasir ordu quruculuğunun və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin səmərəliliyini nümayiş etdirdi.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edilib. Hər il bu əlamətdar tarixin dövlət səviyyəsində qeyd olunması Vətən müharibəsində əldə edilmiş tarixi Qələbənin əhəmiyyətinin, xalqımızın qəhrəmanlıq ənənələrinin və şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılmasına xidmət edir. Zəfər Gününün təsis edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmaqla, milli yaddaşın qorunması və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan xalqı özünün zəngin dövlətçilik ənənələrinə, tarixi-mədəni irsinə və milli-mənəvi dəyərlərinə söykənərək Vətən müharibəsində yeni qəhrəmanlıq salnaməsi yaratdı. Bu tarixi Qələbə dövlət və xalq birliyinin, güclü iqtisadiyyatın, müasir ordu quruculuğunun və qətiyyətli siyasi rəhbərliyin mühüm nəticəsi kimi tarixə düşdü.

Bu gün ölkəmiz Zəfərdən Böyük Qayıdışa doğru ardıcıl və məqsədyönlü addımlar atır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir, müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur, sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində kompleks tədbirlər görülür. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı dövlətimizin qarşıya qoyduğu mühüm strateji vəzifələrdən biridir. Artıq minlərlə ailənin öz doğma yurdlarına qayıtması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyatın yenidən canlanmasının, ərazilərimizin dirçəlişinin və Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin göstəricisidir.

Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun uğurla davam etdirilməsi, müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri onun ideyalarının tarixi əhəmiyyətini bir daha təsdiqləyir. Azərbaycan dövləti

Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəliləyir, ölkənin iqtisadi, siyasi və hərbi potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Azərbaycanın qazandığı tarixi Zəfər yalnız ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası ilə məhdudlaşmır, eyni zamanda Cənubi Qafqaz regionunun gələcək siyasi, iqtisadi və geosiyasi mənzərəsinin formalaşması baxımından yeni tarixi mərhələnin başlanğıcını qoyur. Bu Qələbə regionda uzun illər davam edən münaqişə və qarşıdurma mühitinin aradan qaldırılması, davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın bərqərar olması üçün mühüm imkanlar yaradıb. Bu gün qarşıda duran əsas vəzifə yaranmış tarixi fürsətdən səmərəli istifadə edərək regionu münaqişə və qarşıdurma məkanından sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq məkanına çevirməkdir.

Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında müstəsna xidmətləri olan şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, qazilərimizin fədakarlığı və döyüş şücaəti gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və Vətən sevgisinin təcəssümüdür. Bu tarixi gün gələcək nəsillərə müstəqilliyin, ərazi bütövlüyünün və milli həmrəyliyin əhəmiyyətini aşılayan mühüm mənəvi dəyər kimi daim yaşayacaqdır.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Vumart və Güvən reklamı Vumart Güvən