İddia ərizəsi alan vətəndaşlar bu səhvə yol verməsin – Vəkildən AÇIQLAMA

 22:28 04.11.2026     144

"Məhkəmədən iddia ərizəsi ilə bağlı bildiriş alan vətəndaşın məhkəməyə getməməsi düzgün yanaşma deyil. Bəzən sadə vətəndaşlar mənə müraciət edərək bildirirlər ki, məhkəmədən iddia bildirişi alıblar, lakin iddianın qanunsuz olduğunu düşündükləri üçün məhkəməyə getməyə ehtiyac görmürlər. Halbuki bu yanaşma yanlışdır. Çünki əsassız hesab etdiyiniz iddia qarşı tərəfin təqdim etdiyi sübutlarla əsaslandırıla və təmin oluna bilər".

Redaktor.az xəbər verir ki, bu haqda vəkil Adilə Paşayeva öz sosial media hesabında danışıb.

"İddia ərizəsi barədə bildirişi alan kimi iddianın hüquqi əsaslarını müəyyənləşdirmək, lazım gəldikdə hüquqşünasla məsləhətləşmək, iddiaya qarşı əsaslandırılmış etiraz hazırlamaq və sübutları qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə təqdim etmək lazımdır. Əks halda, klassik ssenari ilə qarşılaşa bilərsiniz. Vətəndaş iddia ərizəsi barədə bildiriş alır, özünü haqlı hesab etdiyi üçün məhkəməyə getmir və düşünür ki, hakim onun iştirakı və sübut təqdim etməsi olmadan da işi həll edə bilər. Lakin onun ziyanına qərar çıxarıldıqdan sonra vəkilə müraciət, sübutların toplanması və apellyasiya şikayətinin verilməsi prosesi başlayır. Apellyasiya icraatı zamanı müəyyən olunsa ki, vətəndaş birinci instansiya məhkəməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılıb, üzrlü səbəb olmadan məhkəməyə getməyib və bunu edə biləcəyi halda sübutlarını məhkəməyə təqdim etməyib, apellyasiya məhkəməsi həmin sübutları qəbul etməməkdə haqlı olacaq. Hətta həmin sübutlar işin nəticəsini dəyişə biləcək əhəmiyyətə malik olsa belə, unutmamaq lazımdır ki, məhkəmədə haqlı olmaq kifayət deyil, hüquqları vaxtında və düzgün müdafiə etmək də vacibdir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən